RU

Paşinyandan Avropaya müraciət - "Gürcüstan Aİ-yə gedən yolumuzdur"

"2025-ci ilin martında ölkəmizdə Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinə başlamaq üçün qanun qəbul edilib və bu, 2025-ci ilin aprelində qüvvəyə minib".

Musavat.com-un xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 11-də Strasburqda Avropa Parlamentindəki çıxışında deyib. Hökumət başçısı Aİ ilə bağlı başlanan bu prosesi inanılmaz dəyişiklik adlandırıb.

“Bu, 2023-cü il oktyabrın 17-də bu tribunadan verdiyim bəyanatın siyasi kristallaşmasıdır ki, Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır”-baş nazir əlavə edib.

N.Paşinyan daha sonra deyib: “İndi bu qanunun qəbulundan sonra Ermənistanda çoxları sual verir: Ermənistan nə vaxt Aİ-yə üzv olacaq? Cavabımız aydındır: Aİ standartlarına cavab vermədən heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Ona görə də bizim vəzifəmiz avropalı tərəfdaşlarımızın dəstəyi ilə islahat yolunu davam etdirmək və ilk növbədə, Aİ-yə üzvlük standartlarına obyektiv cavab verməkdir”.

Ermənistanın baş naziri avropalı parlamentarlara Gürcüstanla bağlı da xitab edib: “Bununla belə, səmimi deməliyəm ki, hazırda Ermənistanın Aİ-yə inteqrasiya prosesində üzləşdiyi ən böyük problem Aİ və Gürcüstan arasında donmuş siyasi dialoqdur. Bizim üçün Gürcüstan Aİ-yə gedən yoldur. Gürcüstan namizəd statusu aldıqdan sonra Ermənistanın Aİ-yə daxil olması prosesinin təşəbbüskarı olan qanun qəbul etdik. Bu, Ermənistanın Aİ-yə daxil olması perspektivini reallaşdırdı. Biz Aİ-Gürcüstan konstruktiv prosesinin inkişafını gözləyirik və xahiş edirik. Bu, Gürcüstan üçün olduğu kimi, Ermənistan üçün də vacibdir”.

Xatırladaq ki, Avropa səfərindən əvvəl Paşinyan qəfildən Tiflisə getmişdi. İstisna deyil ki, o, Aİ-yə və AP-yə həm də Gürcüstan hökumətinin ismarıclarını çatdırıb.

Musavat.com

 

Избранный
17
musavat.com

1Источники