Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paris, 11 mart, AZƏRTAC
Fransada prokurorluq 2026-cı il bələdiyyə seçkiləri çərçivəsində “Əyilməz Fransa” Partiyasından Marseille şəhərinin meri vəzifəsinə namizəd olan Sebastyan Deloqunun böhtanla bağlı verdiyi şikayət üzrə istintaqa başlayıb.
AZƏRTAC xəbər verir ki, namizəd ona qarşı irəli sürülən ciddi ittihamların əslində xarici müdaxilə ilə bağlı ola biləcəyini iddia edir.
Deloqunun seçki qərargahının məlumatına görə, məsələ keçmiş parlament əməkdaşı olduğunu iddia edən bir şəxsin adına açılmış bloqda yayılan yazı ilə başlayıb. Bundan sonra ittihamların yayılması üçün sosial şəbəkələrdə saxta profillər yaradılıb və hətta bəzi şəxslər jurnalist kimi təqdim olunaraq onların münasibətini öyrənməyə çalışıblar.
Şikayət təqdim edildikdən və sənədlər “Le Monde” qəzetinə göndərildikdən sonra nəşr bu kampaniyanın xaricdən idarə oluna biləcəyinə dair izlər aşkar etdiyini yazıb. Bu şübhələr xarici rəqəmsal müdaxilələrə qarşı nəzarət qurumu olan “Viginum” tərəfindən də təsdiqlənib. Qurumun məlumatına görə, istifadə edilən üsul Fransada indiyədək rast gəlinməyən bir modelə bənzəyir.
Hazırda kampaniya ilə bağlı qəti nəticə yoxdur. “Viginum” məsələ ilə bağlı araşdırmaların davam etdiyini və müdaxilənin mənbəyinin hələ müəyyən edilmədiyini açıqlayıb.
Qeyd edək ki, Paris merliyinə namizəd olan mərkəzçi siyasətçi Pyer-İv Burnazeli də bir neçə gün əvvəl oxşar halla qarşılaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.