RU

Rumıniya parlamenti ABŞ-ın əlavə hərbi qüvvə və texnika yerləşdirməsi ilə bağlı müraciətini təsdiqləyib

Buxarest, 11 mart, AZƏRTAC

Rumıniya parlamenti ABŞ-ın ölkə ərazisində əlavə hərbi qüvvə və texnika yerləşdirməsi ilə bağlı müraciətini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qərar parlamentin birgə plenar iclasında keçirilən müzakirələrdən sonra qəbul olunub.

Məlumata görə, ABŞ tərəfindən Rumıniyada müəyyən hərbi imkanların müvəqqəti yerləşdirilməsi təklif olunub. Söhbət əsasən havada yanacaq doldurma təyyarələri, müşahidə və rabitə sistemləri kimi hərbi texnikadan gedir. Bu avadanlıqların müdafiə xarakterli olduğu və hücum məqsədi daşımadığı bildirilib.

Planlara əsasən, ABŞ hərbi texnikasının və avadanlıqlarının əsas hissəsi Konstansa vilayətində yerləşən Mihail Koqalniçanu aviabazasında yerləşdiriləcək. Texnikaya xidmət və təhlükəsizlik üçün bir neçə yüz ABŞ hərbçisinin də Rumıniyaya göndərilməsi nəzərdə tutulur.

Rumıniya hakimiyyətinin bildirdiyinə görə, qərar regional təhlükəsizlik vəziyyəti və NATO çərçivəsində müttəfiqlərlə əməkdaşlığın gücləndirilməsi məqsədilə qəbul edilib. Rəsmi şəxslər bu addımın Qara dəniz regionunda müdafiə imkanlarının artırılmasına xidmət edəcəyini qeyd edirlər.

Rumıniya Qara dəniz hövzəsində yerləşdiyi üçün NATO və ABŞ üçün strateji əhəmiyyətə malik ölkələrdən biridir. Bu səbəbdən son illərdə ölkədə NATO infrastrukturu və müttəfiq hərbi qüvvələrin mövcudluğu tədricən genişlənir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
65
3
azertag.az

4Источники