Azərbaycanda online kazino oyunları son illərdə ciddi sosial problemə çevrilib. İnsanlar əyləncə məqsədi ilə başladığı bu oyunlara aludə olaraq həyatlarını itirir, ailə münasibətlərini pozur, maliyyə problemlərinə düçar olur və bəzən cinayət törətməyə, hətta intihar etməyə məcbur olurlar. Mostbet, 1xBet, Pinup kimi xarici platformalar ölkədə lisenziyalaşdırılmamış olsalar da, hələ də vətəndaşlar üçün əlçatandır. Bu vəziyyət yalnız fərdi fəlakətlər yaratmır, həm də sosial sabitliyə mənfi təsir göstərir, cəmiyyətin psixoloji və hüquqi strukturlarını sınağa çəkir.
Məsələni NOCOMMENT.az-a şərh edən psixoloq Leyla Məmmədova bildirib ki, online kazinolara aludəçilik insanların psixoloji sağlamlığını ciddi şəkildə pozur. O vurğulayıb ki, bu oyunlar dopamin sistemi ilə işləyərək sürətlə asılılıq yaradır və insanları daha çox riskə, daha böyük məbləğlərə bahis etməyə sövq edir. Bu isə maliyyə itkisi, ailə münaqişələri və sosial təcrid ilə nəticələnir: “Bəzən bu asılılıq insanı cinayət törətməyə, başqasının və ya öz həyatına ziyan verməyə də məcbur edir. Ailə dəstəyi, erkən psixoloji müdaxilə, sosial maarifləndirmə və məktəblərdə gənclərin bu təhlükələr barədə məlumatlandırılması aludəçiliyin qarşısını almaqda həyati rol oynayır”.
Psixoloq vurğulayıb ki, gənclərin maarifləndirilməsi, valideynlərin nəzarəti, sosial və psixoloji dəstək mexanizmlərinin yaradılması vacibdir. Hüquqi qadağaların sərtləşdirilməsi və texniki bloklamaların tətbiqi ilə yanaşı, vətəndaşların, xüsusilə də gənclərin onlayn kazino oyunlarının fəsadları barədə təhsil alması önəmli addımdır.
Məsələnin hüquqi tərəfi şərh edən hüquqşünas Natiq Ələsgərov NOCOMMENT.az-a bildirib ki, Azərbaycanda belə platformaların fəaliyyəti qanunsuzdur: “Mostbet, 1xBet, Pinup kimi saytlar ölkədə lisenziyalaşdırılmamış fəaliyyət göstərir, lakin vətəndaşlar üçün hələ də açıqdır. Bunun əsas səbəbi texniki maneələrin olmaması, serverlərin xarici ölkələrdə yerləşməsi və hüquq-mühafizə orqanlarının resurslarının məhdud olmasıdır. Qanunsuz kazino saytlarına qarşı qadağalar mövcud olsa da, real icra mexanizmləri yetərli deyil və bu, virtual oyunların cəmiyyətdə zərərli təsirini davam etdirir”.
Hüquqşünas əlavə edib ki, qanunsuz onlayn kazinoların fəaliyyətini dayandırmaq üçün texniki bloklamalar, domenlərin bağlanması və internet provayderləri ilə birgə tədbirlər həyata keçirilməlidir. Eyni zamanda, qanunvericiliyin sərtləşdirilməsi, cərimələrin artırılması və inzibati tədbirlərin tətbiqi də effektiv nəticə verə bilər.
Ekspertlər həmçinin bildirirlər ki, onlayn kazinolara qarşı mübarizədə yalnız hüquqi tədbirlər kifayət deyil: “Bu problemin həlli yalnız vahid yanaşma ilə mümkündür: hüquqi nəzarətin gücləndirilməsi, ictimai maarifləndirmə və psixoloji dəstək mexanizmlərinin yaradılması gənclərin və ailələrin təhlükəsizliyini təmin edə bilər”.