RU

Manatı hansına çevirək? -

Son dövrlərdə baş verən qlobal iqtisadi proseslər fonunda vətəndaşlar yığımlarını necə qorumaq barədə daha çox düşünməyə başlayıblar. Bu baxımdan bir çox insan əlində olan manat vəsaitini xarici valyutaya çevirməyin nə dərəcədə məqsədəuyğun olduğu ilə maraqlanır. Bəs hazırkı şəraitdə daha sərfəli variant hansıdır - ABŞ dolları, yoxsa avro?İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaş əlində olan passiv yığım vəsaitini valyutaya çevirməklə onu inflyasiyadan tam qoruya bilməz. Çünki hər bir valyuta üzrə də dəyər itirmə prosesi gedir: “Məsələn, ötən il ABŞ dollarının dəyəri təxminən 3-3,5% səviyyəsində azalıb. Eyni zamanda avronun da alıcılıq gücü təxminən 2,5% azalıb. Yəni bu yol əslində yığımların dəyərsizləşməsinin qarşısını almaq üçün tam effektiv hesab edilə bilməz. Bəzi hallarda vətəndaşlar bu üsula daha çox ona görə üstünlük verirlər ki, devalvasiya risklərindən öz vəsaitlərini sığortalasınlar. Təəssüf ki, son 10 ildə bu istiqamətdə meyllər daha çox müşahidə olunur və vətəndaşlar vəsaitlərini valyutada saxlamaqla devalvasiya risklərindən qorunmağa çalışırlar. Lakin valyutada əmanət faizləri kifayət qədər aşağıdır. Hazırda sığortalanan əmanətlər üzrə faiz dərəcəsi təxminən 2,5% civarındadır. Hətta bəzi dövrlərdə, xüsusilə 2022-2023-cü illərdə bu faiz 1%-ə qədər də enmişdi. Bu isə kifayət qədər cəlbedici deyildi. Nəticədə bir çox vətəndaş vəsaitlərini banklarda depozit kimi yerləşdirmədi və bu müddət ərzində həm manatın, həm də valyutanın inflyasiya risklərindən öz yığımlarını qoruya bilmədi”.R.Həsənov xatırladıb ki, 2017-2025-ci illəri əhatə edən təxminən 8 il ərzində ümumi inflyasiya 70-80% civarında olub. Hətta bu dövrdə xarici valyutaların da dəyər itkisi müşahidə olunub: “ABŞ dolları təxminən 20-25%, avro isə təxminən 17% dəyər itirib. Yəni vətəndaş 2015-ci ildən saxladığı dollar və ya avroya görə artıq müəyyən dərəcədə alıcılıq gücünü itirmiş sayılır. Halbuki həmin müddətdə vəsaitlər manatla banklarda depozit kimi yerləşdirilsəydi, təxminən 70-90% aralığında gəlir əldə etmək mümkün idi. Hətta kumulyativ hesablamalar aparıldıqda gəlirin 100%-ə qədər çatması da mümkündür. Yəni vətəndaş 8 il ərzində bank depozitləri vasitəsilə hər 1 manatı təxminən 2 manata çatdıra bilərdi və bununla da vəsaitinin dəyərsizləşməsinin qarşısını müəyyən qədər ala bilərdi”. İqtisadçı digər investisiya alətlərindən biri kimi qiymətli metalları tövsiyə edib: “Məsələn, ötən il gümüş investorlarına təxminən 2,5 dəfə dəyər qazandırıb. Yəni hər 1 manat təxminən 2,5 manata çevrilib. Qızıl isə həmin dövrdə təxminən 76% bahalaşıb, yəni 1-1 manat 76 qəpik səviyyəsinə yüksəlib. Bu isə uzun illər vəsaitləri sadəcə valyutada saxlamaq, heç bir digər investisiya alətindən istifadə etməmək və bank depozitlərindən kənarda qalmaqla müqayisədə daha cəlbedici və üstün nəticə yarada bilir. Buna görə də mövcud şəraitdə vətəndaşlar passiv yığımlarını idarə edərkən daha ehtiyatlı olmalıdırlar. Əgər vəsaitlərini xarici valyutada saxlamaq istəyirlərsə, bu zaman bazarı diqqətlə izləmələri vacibdir. Məsələn, son bir il ərzində ABŞ dolları digər valyutalara münasibətdə müəyyən dəyər itirib. Təxminən bir il əvvəl 1 avro 1,12 ABŞ dollarına bərabər olduğu halda, hazırda bu göstərici 1,15 dollara, bəzi hallarda isə 1,17 dollara qədər yüksəlib. Yəni avro dollar qarşısında təxminən 10-12% dəyər qazanıb. Azərbaycan manatı ilə ifadə etdikdə isə avronun məzənnəsi əvvəllər təxminən 1 manat 75 qəpik səviyyəsində olduğu halda, hazırda 2 manatın üzərində formalaşır. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan manatının məzənnəsi Mərkəzi Bankın siyasətinə uyğun olaraq əsasən ABŞ dollarına münasibətdə sabit saxlanılır. Digər valyutalara münasibətdə isə məzənnə bazarda formalaşır. Bu səbəbdən də ABŞ dollarının digər valyutalara münasibətdə dəyər itirməsi və ya bahalaşması manatın da həmin valyutalara qarşı mövqeyinə təsir göstərir. Bu aspektdən yanaşdıqda, hazırkı şəraitdə Azərbaycan vətəndaşları bazardakı konyunkturanı diqqətlə izləməklə, xüsusilə avro və funt sterlinq kimi valyutalara investisiya etməklə daha üstün investor və ya passiv yığımçı mövqeyi tuta bilərlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
60
metbuat.az

1Источники