RU

“Pərdə hər dəfə açılanda biz sadəcə bir hekayə danışmırıq...”

“Pərdə

Fuad Cavadzadə: “Tamaşaçı ilə birlikdə nəfəs alırıq”

Ötən həftə Ağdam Dövlət Dram Teatrı Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerasını keçirib. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Bildirək ki, sözügedən tamaşa Ağdam Dövlət Dram Teatrının aktyorlarına “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda keçirilmiş ustad dərsləri zamanı hazırlanıb. Ustad dərslərini isə gənc rejissor Fuad Cavadzadə tədris edib.

Tamaşada rolları Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Tural Yusifov, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı canlandırıb. Eləcə də səhnə əsərinin quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.

Ustad dərsləri və sözügedən tamaşanın hazırlıq prosesi haqqında Fuad Cavadzadə “Xalq Cəbhəsi”nə danışıb.

- Fuad bəy, öncə istərdim bu layihə haqqında məlumat verəsiniz...

- Bu layihə bir başa olaraq Mədəniyyət Nazirliyinin layihəsidir. Adından da bəlli olduğu kimi hər iki tərəf üçün faydalı bir layihədir. Gənc rejissorların özlərini ifadə etməsi, yenilikçi baxış bucaqlarını ortaya qoya bilməsi istiqamətində regionlarda teatr prosesinin canlanması, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihədir. Seçilmiş gənc rejissorlar burada müxtəlif kollektivlə işləyir orada öz istəklərini həyata keçirir, öyrəndilərini bölüşür, iş prosesində təcrübə əldə edir. Həmin kollektivlər isə yeni rejissorları tanıyır, yeni rejissor traktofkasında işləyir, bilmədiklərimi öyrənir. İstənilən halda, dövr, zaman dəyişir. Gənclik yeni səsdir, yeni nəfəsdir. Bütövlükdə, bu layihə hər iki tərəf üçün olduqca faydalıdır.

Belə ki, Ağdam Dövlət Dram Teatrında bir aylıq davam edən ustad dərsləri zaman “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlərə başladıq. Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olundu.

- Bildiyim qədəri ilə layihədə daha öncə səndən başqa şəxslər də iştirak edib, ölkədə fəaliyyət göstərən ayrı-ayrı teatrların aktyorlarına müxtəlif mövzularda ustad dərsləri keçib...

- Bəli, məndən öncə bu layihədə bir neçə rejissorlar iştirak edib, müxtəlif teatrlarda olub. Əslində, ilkin olaraq bu layihə bildiyim qədəri ilə fərqli istiqamətdə başlayıb. Yalnız ustad dərsləri formatında olub, ilk təlimi keçən Bəxtiyar Xanızadə olub. Daha sonra bura tamaşa hazırlanması daxil olub. Məndən öncə bir neçə teatrda olub. Bildiyim qədəri ilə layihədə Gümrah Ömər, Abdulla, Nicat Mirzə və digər rejissorlar iştirak edib.

- Budəfəki ustad dərslərinin tədrisində necə oldu siz seçildiniz?

- Məhz bu sual görə, təşəkkür edirəm. Əslində, tam da yerinə düşmüş sual oldu. Çünki bu haqda məlumat yayılanda bəzi teatr adamları bu xəbərə müxtəlif cür yanaşdılar. Bunların içində məni tanıyanlar da oldu, tanımayanlar da. Qeyd edim ki, mən bu sənətdə heç də təsadüf birisi deyiləm. 10 yaşımdan demək olar ki, incəsənət sahəsindəyəm. İlkin olaraq fəaliyyətimi dram dərnəyi, xalq teatrlarından başlamışam orta musiqi təhsilim var. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Teatr sənəti fakütləsinin "Rejissorluq" ixtisasını dövlət hesabına oxuyub, müdafiə eləyib bitirmişəm. Müxtəlif teatrlarda təəcrübə və praktika keçmişəm. Təhsil aldığım müddətdə paralel olaraq mədəniyyət sahəsində çalışmışam, müxtəlif tədbir və bayramların təşkilatçısı, quruluşçu rejissoru olmuşam. Müxtəlif teatr festivallarının iştirakçısı olmuşam, tamaşalarımı təqdim etmişəm. Media və mətbuat sahəsində qısa müddət də olsa çalışmışm. Aktyor kimi fəaliyyətim olub. Daha sonra Mədəniyyət Nazirliyin dəstəyi ilə İstanbul Universiteti Dövlət Konservatoriyasında Səhnə sənətləri fakültəsinin "Teatr" bölümünə qəbul olan yeganə azərbaycanlı tələbə olmuşam. Eyni zamanda, təhsil müddətimdə araşdırma edərək Tükiyədə 1 il üzərində işlədiyim akademik məqaləm yayımlanıb (Uluslararası Eğitim Bilimleri Dergisi-"Stanislavski'nin Oyunculuk Eğitiminde Karakter Yaratımı Yöntemi"). Teatr üçün olduqca əhəmiyyətli olan 2 il mənim zamanımı alan dissertasiya yazmışam və onu müdafiə edərək məzun olmuşam. Bütün gördüyüm işlər Media və mətbuatda işıqlandırılıb, Türkiyənin Təhsil Nazirliyinin saytında rəsmi olaraq təsdiqlənib, yayımlanıb. Təhsil müddətimin son ilində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. Müstəqil olaraq Sumqayıt Dövlət Dram Teatrında Ə.Əmirlinin "Xeyir-Xəbər", K.Həsənovun "Sehrli Yaylıq". Gəncə Dövlət Milli Dram Teatrında iki müxtəlif kollektivlə Ə.Əmirlinin "M.S.S" tamaşalarını hazılamışam. Hər bir tamaşam teatr biliciləri tərəfindən müsbət və təqdirəlayiq qarşılanıb. Media və mətbuatda çox geniş şəkildə ictimailəşdirilib. Hətta paytaxtda Bakı premyeralarım gerçəkləşib, Mədəniyyət kanalı vasitəsilə bütün dünyaya yayımlanaraq teatrsevərlərə təqdim olunub. Arxivə köçürülüb. Bütün bunlar kifayət eləmir? Sadəcə olaraq bizdə Sovetdən qalmış yalnış yanaşma var ki, ustad dərsi keçmək üçün gərək sənin yaşın 60-dan yuxarı ola ki, səni qəbul etsinlər. Xeyr, bugünki gənclər dünyaya daha açıqdırlar, əlçatandırlar, bütün yeniliklərdən anındaca xəbərdardırlar. Yaxın qonşumuz olan,Teatrın yaradıcılıq mərkəzi olan Rusiyada 30 yaşında gənclər var ki, teatrı idarə eləyir. Məsələ burda yanaşmadadır. Görünür biz hələ də milli dəyərlərimizə sadiq qaldığımız halda tam olaraq inkişaf eləməmişik. Nəyin doğru, nəyin yalnış olduğunu hələ də tam olaraq ayırd edə bilmirik.

Görünür ki, bütün bu göstəricilərim nəzərə alınaraq dəyərləndirilmişəm, seçilmişəm. Çox sağ olsun Mədəniyyət Nazirliyi və onun səlahiyyətli nümayəndələri, Teatr sektoru hər zaman mənə diqqət, dəyər və dəstək göstəriblər və mən də hər zaman onların etimadını doğrultmağa çalışmışam.

- Niyə bu əsər fərqlənirildi?

- Bu pyes birbaşa olaraq mənim istəyim üzərində seçildi. Sağ olsun Mədəniyyət Nazirliyi və Teatr heç bir etiraz bildirmədi. Seçim birbaşa olaraq bizim özümüzdə olar. Sadəcə burda qarşıya qoyulan şərtlər var ki, teatr kollektivinin yaradıcılıq potensialına uyğun və texniki imkanları danışa biləcək bir tamaşa olmalıdır. Mənim seçdiyim pyes olduqca məşhur və demək olar ki, hər bir teatrda oynanılmış tamaşadır, hətta məktəb dərsliklərində olduğu üçün hər kəsə tanışdır. Mənim burda qarşıma qoyduğum məsələ məhz Qarabağ mövzusu idi. Öz baxış bucağımdan yaradıcı və innovativ yanaşmamı ortaya qoyaraq pyesi olduğum yerə - Qarabağa uyğunlaşdırdım. Tamaşanın əsas süjet xəttini Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi, Qarabağın adət-ənənələri, məşhur Qarabağ xalçaları, atları, muğamı, yeməkləri, bitkiləri ilə yaxından və əyani tanış olmaq istəməsi, gördülərini bütün dünyaya çatıra bilməsi məqsədilə Şahbaz bəyi özü ilə Fransaya apartmaq istəyi təşkil edir. Bu tamaşa müəllifin ideya və süjet xəttinə toxunmayaraq milli klassikamızın müasir dövrə milli adaptasiyasıdır.

- Bəs məşq prosesi necə oldu?

- İlkin olaraq başlanğıcda bir həftəni təlimlərə həsr elədik. Bu, eyni zamanda, bir-birimizlə tanışlıq mərhələsi idi. Daha sonra daha çətin prosesə - rol bölgüsünə və tamaşanın məşqlərinə başladıq. 1-ci Stolüstü dövr (Analiz), 2-ci Mizan məşqləri (Ayaqüstü məşqlər), 3-cü Parça və birləşdirmə məşqləri, 4-cü Baş (General) məşqləri oldu.

- Çətinliklər oldumu?

- Əlbəttə, oldu özü də çox böyük çətinliklərim oldu, amma hər bir çətinliklər mənə təcrübə qatdı. Ümumiyyətlə, teatr məşqləri heç vaxt hamar bir yol deyil. Əksinə, yaradıcılıq "sancısı" deyilən bir anlayış var və prosesin təbiəti elə çətinliklər üzərində qurulub.

Məşq prosesində ən çox rast gəldiyim əsas çətinlik Teatrın məcburi köçkünlükdən sonra kənd klubunda yerləşib fəaliyyətinə davam elətdirməsi idi. Daha sonra əksər aktyorların təhsilsiz və təcrübəsiz olması. Daxili müqavimət və "rola girə bilməmək", fiziki və emosional yorğunluq, "səhnə boşluğu" və məkan problemi və ən əsası peşəkar kadrların olmaması, texniki nasazlıqlar, aktyorların və idarə heyətinin çox səmimi dostluqları ümumi yaradıcı prosesini çətinləşdirirdi.

- Məşq zamanı yadda qalan maraqlı hadisə yaşandımı?

- Teatr məşqləri canlı və emosional proses olduğu üçün orada hər zaman gözlənilməz, bəzən gülməli, bəzən isə dramatik hadisələr yaşanır. Bizim prosesdədə oldu, lakin onları ifadə eləmək istəmirəm.

- Ağdam Dövlət Dram Teatrının aktyorları ilə çalışmaq necə idi?

- Çox çətin oldu amma maraqlı oldu. Əslində, çox fədakar insandırlar. Çünki bütün yaşadıqları çətinliklərə, çatışmazlıqlara, şəraitsizliklərə baxmayaraq dözüb, qalıb, teatrın fəaliyyətini çətinliklə də olsa davam etdirirlər. Necə davam etdiriblər, taleləri və yaradıcılıqları kimlərin əlində olub bu, ayrıca mövzudur. Bu, haqda danışmaq istəmirəm. Hətta elə aktyorlar var idi ki, hər gün yaxın rayonlardan, qəsəbələrdən saatlarla hər gün məşqə gəlməyə məcbur idi. Əslində, bu, onların öz seçimi idi. Bütün bunlar isə təqdirəlayiqdir.

- Mövzu “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. Stanislavski sisteminin psixofiziki mərhələləri” idi. Yəqin oxucularımız üçün də maraqlı olar nədir Stanislavski sisteminin psixofiziki mərhələləri?

- Stanislavskinin yaratdığı sistem sadəcə bir “oyun qaydaları” toplusu deyil. Bu, aktyorun daxili aləmi ilə xarici hərəkətləri arasında qırılmaz bir körpü quran elmi-bədii metodologiyadır. “Aktyorun öz təbiətindən obraza gedən yolu” əslində bir insanın özünü yenidən kəşf etməsi prosesidir.

Stanislavski sisteminin psixofiziki mərhələləri aktyorun həm ruhunu (psixika), həm də bədənini (fizika) eyni anda hərəkətə gətirməyi hədəfləyir. Stanislavski karyerasının sonlarına doğru “Fiziki hərəkətlər metodu”nu kəşf etdi. Bu, sistemin ən inqilabi hissəsidir. O anlayırdı ki, aktyora “gül” və ya “ağla” demək nəticə vermir. Amma aktyora fiziki bir tapşırıq verdikdə (məsələn, itmiş üzüyü axtarmaq), bu hərəkət təbii olaraq həyəcan və duyğu yaradır.

- Martın 10-u Azərbaycnda Milli Teatr Günü idi. İstərdim bu haqda da danışasınız...

- Bəli, 10 Mart Azərbaycanın mədəniyyət təqvimində ən parlaq səhifələrdən biridir. Bu, sadəcə təqvim günü deyil, milli intibahın, dilimizin və mənəviyyatımızın səhnədə qazandığı qələbə günüdür. Teatr – insanı insana, insanla, insanca anlatmaq sənətidir. Rejissor olaraq deyə bilərəm ki, pərdə hər dəfə açılanda biz sadəcə bir hekayə danışmırıq, tamaşaçı ilə birlikdə nəfəs alırıq. Azərbaycanda teatr həmişə cəmiyyətin güzgüsü olub. Gah güldürüb düşündürüb, gah da faciələrimizlə bizi silkələyib.

Milli Teatr Gününüz mübarək! İstərdim ki, bu bayramı sadəcə xatırlamayaq, həm də teatrlarımızı yaşadaq.

-Mən də səni Milli Teatr Günü münasibətilə təbrik edirəm və sənə yeni uğurlar arzulayıram.

Çox sağ olun.

Röya İsrafilova

Избранный
37
1
xalqcebhesi.az

2Источники