RU

Ömrünüzün uzun olması üçün ideal uşaq sayı

Orta göstəricidən xeyli çox uşaq dünyaya gətirmək və ya ümumiyyətlə uşaq sahibi olmamaq qadının həyat müddətinin qısalması və orqanizmin bioloji qocalmasının sürətlənməsi ilə əlaqələndirilir.

Hakimiyyet.az xəbər verir ki, bu nəticəyə Helsinki Universitetinin alimlər qrupu elmi araşdırma zamanı gəlib.

Eyni zamanda araşdırmaçılar qeyd edirlər ki, əldə olunan nəticələr böyük populyasiyalar səviyyəsində müşahidə olunan əlaqəni göstərir və hər bir fərdi insan üçün birbaşa tibbi tövsiyə kimi qəbul edilməməlidir. Elmdə “birdəfəlik soma” nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyəyə görə, bioloji növün həyatı çoxalma və sağ qalma arasında daimi kompromisdir. Əgər orqanizm çoxalmaq üçün həddindən artıq resurs sərf edərsə, öz sağlamlığını qorumaq üçün daha az enerji qalır.

Helsinki Universitetinin bioloqu Mikaela Hukkanen izah edir ki, təkamül biologiyası baxımından canlı orqanizmlər məhdud resurslara zaman və enerjiyə malikdir. Onun sözlərinə görə, hamiləlik, doğuş və uşaqların böyüdülməsi üçün çox böyük enerji sərf olunduqda, bu enerji orqanizmin hüceyrələrinin bərpa mexanizmlərindən uzaqlaşır və bu da obyektiv olaraq həyat müddətini qısalda bilər.

Əvvəlki elmi işlər əsasən yalnız ayrı-ayrı amilləri, məsələn ilk doğuş yaşı və ya uşaqların ümumi sayını araşdırırdı. Finlandiyalı tədqiqatçılar isə analığın tarixini daha kompleks şəkildə qiymətləndiriblər.

Bunun üçün alimlər 14 836 qadının məlumatlarını təhlil ediblər. Əhəmiyyətli məqam ondan ibarətdir ki, bütün iştirakçılar əkizlər idi və bu, genetik amillərin təsirini minimuma endirməyə imkan verib. 1054 iştirakçıdan ibarət alt qrupda isə alimlər bioloji qocalmanın xüsusi markerlərini də qiymətləndiriblər. Qadınlar uşaqların sayı və doğuş vaxtına görə yeddi qrupa bölünüblər.

Uzunömürlülük üçün ideal uşaq sayı

Statistika aydın bir tendensiya göstərib. Ümumiyyətlə, uşaq sahibi olmayan qadınlarda və ən çox uşaq sahibi olan (orta hesabla 6-8 uşaq) qadınlarda bioloji qocalma göstəriciləri daha pis olub və ölüm riski daha yüksək qeydə alınıb.

Ən yaxşı sağlamlıq göstəriciləri, daha yavaş bioloji qocalma və daha aşağı ölüm riski isə orta hesabla iki-üç uşaq sahibi olan və 24-38 yaş arasında hamilə qalan qadınlar qrupunda müşahidə edilib.

Alimlər həmçinin erkən analığın daha sürətli qocalma ilə əlaqəli olduğunu qeyd ediblər. Lakin bədən kütlə indeksi (BKİ) və alkoqol istifadəsi kimi əlavə amillər nəzərə alındıqda bu fərq azalır. Uşağı olmayan və çox uşaqlı qadınlarla bağlı nəticələr isə bu düzəlişlərdən sonra da dəyişməz qalıb. Resursların tükənməsi nəzəriyyəsi isə uşaqsızlığın niyə daha zəif sağlamlıq göstəriciləri ilə əlaqəli olduğunu tam izah etmir.

Araşdırmaçılar hesab edirlər ki, burada gizli dəyişənlər rol oynaya bilər. Məsələn, əvvəlcədən mövcud olan xəstəliklər həm uşaq sahibi olmağın mümkün olmamasına, həm də daha erkən qocalmaya təsir göstərə bilər. Epigenetika üzrə alim Miina Ollikainen bildirir ki, bioloji yaşı təqvim yaşından daha böyük olan insanlarda ölüm riski daha yüksək olur. Onun sözlərinə görə, bu nəticələr göstərir ki, insanın həyat yolu seçimləri qocalıqdan xeyli əvvəl ölçülə bilən bioloji iz buraxa bilər.

Alimlər qeyd edirlər ki, bu kəşf ictimai sağlamlıq üçün əhəmiyyətli olsa da, fərdi səviyyədə tələsik nəticələr çıxarmaq düzgün deyil. Ollikainen vurğulayıb ki, heç bir qadın yalnız bu araşdırmanın nəticələrinə əsaslanaraq uşaqlarla bağlı planlarını və ya istəklərini dəyişməməlidir.

Xatırladaq ki, bioqerontologiya və epigenetika sahəsində aparılan yeni tədqiqatlar göstərir ki, qadınların ev heyvanları xüsusilə itlərlə müntəzəm ünsiyyəti bioloji qocalmanı ləngidə bilər.

Epigenetik saatlar adlanan, hüceyrələrin real yaşını göstərən markerləri təhlil edən alimlər müəyyən ediblər ki, it saxlayan qadınların epigenetik profili digər insanlarla müqayisədə daha “gənc” görünür. Bu təsirin fiziki aktivlik, psixoloji dəstək, stressin azalması və hormon balansının yaxşılaşması kimi amillərlə əlaqəli olduğu düşünülür.(lent.az)

Избранный
52
2
hakimiyyet.az

3Источники