RU

Məhkəmə daşı karxanasının rəhbəri ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada və işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada təqsirləndirilən Arif Hüseynlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti hökmə münasibətdə təmin edilməyib, onun Cinayət Məcəlləsinin 188.1 və 247-ci maddələri ilə təqsirli bilinməsi, barəsində elan olunmuş həmin Məcəllənin 308.2-ci maddəsinin ittihamdan xaric edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 2.6-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Arif Hüseynli barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin ittihamdan xaric edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric olunub.

 

İttihama əsasən, Arif Hüseynli tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan dövlət mülkiyyətində olan, həmçinin hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaq sahələrini özbaşına tutmaqda, həmin ərazilərdə qanunsuz hasilat işləri aparmaqda və ətraf mühitin mühafizəsi qaydalarını kobud şəkildə pozmaqda ittiham olunub.

 

Belə ki, təqsirləndirilən şəxs mişar daşı hasilatı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə MMC təsis edib. Daha sonra - 06 aprel 2007-ci il tarixdə həmin cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınıb və müvafiq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə fəaliyyət göstərməyə başlayıb. Arif Hüseynli cəmiyyətin təsisçisi və qanuni təmsilçisi olmaqla onun fəaliyyətinə rəhbərlik edib, hüquqi şəxsi təmsil etmək, cəmiyyət adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi çıxış edib.

 

İstintaq materiallarına görə, “Babək” firması ilə həmin MMC arasında bağlanmış 25 illik torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında 1 hektar torpaq sahəsi icarəyə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsi tərəfindən həmin sahədə faydalı qazıntıların çıxarılması üçün 5 il müddətinə “Dağ-mədən ayırması” aktı verilsə də, bu icazənin müddəti 25 iyul 2013-cü ildə başa çatıb.

 

Lakin icazə müddəti bitdikdən sonra təqsirləndirilən şəxs qanunvericiliyin tələblərini pozaraq fəaliyyətini dayandırmayıb. O, qulluq mövqeyindən istifadə etməklə özünün və təmsil etdiyi hüquqi şəxsin qanunsuz gəlir əldə etməsi məqsədilə torpaq sahələrini özbaşına tutaraq həmin ərazilərdə qanunsuz mişar daşı hasilatını davam etdirib.

 

Müəyyən olunub ki, 1 avqust 2013-cü ildən 24 avqust 2021-ci ilədək olan dövrdə Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində olan və “Babək” firmasının istifadəsində olan ümumilikdə 9891 kvadratmetr torpaq sahəsi özbaşına tutulub və burada qanunsuz hasilat işləri aparılıb. Həmin ərazilərdə aparılan qanunsuz fəaliyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu tərəfindən 24 avqust 2021-ci il tarixdə akt tərtib olunaraq xəbərdarlıq edilsə də, Arif Hüseynli fəaliyyətini dayandırmayıb.

 

Belə ki, o, qanunsuz fəaliyyətini davam etdirərək 27 aprel 2023-cü ildən 1 mart 2024-cü ilədək olan dövrdə daha 2400 kvadratmetr torpaq sahəsini, 1 mart 2024-cü ildən 23 may 2024-cü ilədək olan müddətdə isə əlavə 1600 kvadratmetr torpaq sahəsini özbaşına tutaraq həmin ərazilərdə də qanunsuz mişar daşı hasilatı aparıb. Nəticədə müxtəlif dövrlərdə ümumilikdə 13 891 kvadratmetr torpaq sahəsi qanunsuz istifadə edilib.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs NKM-2U markalı şırımaçan maşını və SM-89M markalı daşkəsən kombaynından istifadə etməklə qeyd olunan ərazilərdə ümumilikdə 7620,1 kubmetr həcmində mişar daşı qanunsuz olaraq kəsib çıxarıb.

 

İstintaq sənədlərində göstərilib ki, qanunsuz hasilat fəaliyyəti nəticəsində “Güzdək” əhəngdaşı yatağında yer səthinin relyefi deformasiya olunub, geoloji struktur dəyişib, torpağın mexaniki zədələnməsi baş verib, süxurlarda çatlar yaranıb və ətraf mühit elementlərinin pozulması müşahidə olunub. Həmçinin hasilat zamanı yaranan toz və texnikanın istismarı nəticəsində atmosferə atılan qazlar ətraf mühitə mənfi təsir göstərib, nəticədə ərazinin ekoloji tarazlığı pozulub.

 

Ekspertiza hesablamalarına əsasən, qanunsuz fəaliyyət nəticəsində dövlətə və təbiətə ümumilikdə 54 121,54 manat məbləğində maddi ziyan vurulub.

 

Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə vəzifə səlahiyyətlərini qulluq mənafeyinə zidd olaraq həyata keçirib, qanunvericiliyin tələblərini pozaraq qanunsuz hasilat fəaliyyəti aparıb və bununla da dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır zərər vurub.

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Arif Hüseynli 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bundan əlavə, məhkəmənin qərarı ilə mülki iddia təmin edilib və təqsirləndirilən şəxsdən dövlətə və təbiətə vurulmuş ziyanın qismən ödənilməsi məqsədilə 34 364,74 manat məbləğində vəsaitin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun xeyrinə tutulması qərara alınıb.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

Tarix: 12 Mart 2026, 09:44   
Избранный
75
pravda.az

1Источники