RU

Uşaqların mülkiyyət hüququna yenidən baxılacaq

Yazını böyüt
Yazını kiçilt

Uşaqların gəlir və əmlak üzərində mülkiyyət hüququnun daha dəqiq şəkildə qanunla tənzimlənməsi bu sahədə mövcud olan bəzi hüquqi qeyri-müəyyənlikləri aradan qaldıra bilər

Azərbaycanda uşaqların hüquqlarının daha effektiv qorunması istiqamətində qanunvericilikdə mühüm dəyişikliklər edilir. Bu istiqamətdə növbəti addım uşaqların əmlak və maliyyə hüquqları ilə bağlıdır. Belə ki, Milli Məclisin plenar iclasında müzakirə edilən “Uşaq hüquqları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihədə uşaqların gəlir və əmlak üzərində mülkiyyət hüquqlarının daha dəqiq şəkildə müəyyənləşdirilməsi əksini tapıb. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, uşaq öz gəlirləri üzərində mülkiyyət hüququna malik olacaq. Bu gəlirlərə aliment, təqaüd, pensiya, sosial müavinət və digər ödənişlər daxildir. Eyni zamanda, uşaqlar vərəsəlik yolu ilə əldə etdikləri əmlaka, habelə hədiyyə şəklində aldıqları mülkiyyətə də sahiblik hüququ qazanacaqlar. Bundan başqa, uşağın öz vəsaiti hesabına əldə etdiyi digər əmlak da onun mülkiyyəti hesab olunacaq.

Qanun layihəsində xüsusi olaraq vurğulanır ki, uşağa məxsus əmlakın idarə olunması onun üstün mənafelərinə uyğun həyata keçirilməlidir. Uşağın əmlakı üzərində sərəncam verilməsi qaydaları və bu əmlakın idarə olunması mexanizmləri isə Mülki Məcəllə və Ailə Məcəlləsi ilə müəyyən olunacaq. Bu yanaşma uşağın yalnız sosial müdafiə obyekti kimi deyil, həm də mülki hüquqların daşıyıcısı kimi qəbul olunması baxımından əhəmiyyətli hesab edilir.

Xatırladaq ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” qanuna əsasən, uşağın əsas hüquqlarından biri valideynlərinin və ya övladlığa götürən şəxslərin əmlakı hesabına saxlanmaq hüququdur. Qanunda qeyd olunur ki, hər bir uşağın valideynlərinin əmlakı ilə bağlı vərəsəlik hüququ var. Eyni zamanda, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə, uşağın onların əmlakı hesabına saxlanmaq hüququ təmin edilir. Yeni dəyişikliklər isə bu hüquqları daha da genişləndirərək uşağın öz adına olan əmlak və gəlirlər üzərində hüquqlarını daha aydın şəkildə müəyyənləşdirir.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər uşaqların iqtisadi hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Kimsəsiz uşaqların sosial müdafiəsi” İctimai Birliyinin İdarə Heyətinin sədri Lamiyə İsazadə bildirir ki, Azərbaycanda uşaqların gəlir və əmlak üzərində mülkiyyət hüququnun daha dəqiq şəkildə qanunla tənzimlənməsi bu sahədə mövcud olan bəzi hüquqi qeyri-müəyyənlikləri aradan qaldıra bilər. Onun sözlərinə görə, indiyədək qanunvericilikdə uşaqların hüquqları ümumi şəkildə göstərilsə də, uşağın adına olan gəlirin və əmlakın kim tərəfindən və necə idarə olunması ilə bağlı praktikada bəzən mübahisəli vəziyyətlər yaranırdı.

Ekspert qeyd edir ki, xüsusilə aliment, sosial müavinətlər və ya uşağa hədiyyə edilən əmlakın faktiki olaraq valideynlər tərəfindən istifadə olunması halları hüquqi baxımdan hər zaman aydın şəkildə tənzimlənmirdi. Qanun layihəsində uşağın gəlirinə və əmlakına mülkiyyət hüququnun ayrıca vurğulanması isə bu məsələyə daha aydın hüquqi yanaşma gətirir. Bu o deməkdir ki, uşağın adına ödənilən aliment, təqaüd və digər ödənişlər hüquqi baxımdan valideynin deyil, məhz uşağın vəsaiti kimi qəbul olunacaq və yalnız onun maraqları üçün istifadə edilməlidir.

L.İsazadənin sözlərinə görə, qanun layihəsində uşağın aliment, təqaüd, pensiya, müavinət və digər gəlirləri üzərində mülkiyyət hüququnun ayrıca tanınması mühüm hüquqi prinsipə aydınlıq gətirir. Həmin vəsaitlər hüquqi baxımdan valideynə deyil, uşağın özünə məxsus hesab olunur. Valideyn və ya qanuni nümayəndə bu vəsaitin sahibi deyil, sadəcə onu uşağın maraqları naminə idarə edən tərəf kimi çıxış edir. Bu yanaşma uşağın maliyyə hüquqlarının daha real şəkildə qorunmasına xidmət edir.

Ekspertin fikrincə, praktikada aliment və sosial ödənişlər adətən uşağın gündəlik ehtiyaclarının qarşılanması üçün valideyn tərəfindən istifadə olunur və bu, təbii sayılır. Lakin bəzi hallarda həmin vəsaitlərin uşağın ehtiyaclarından kənar məqsədlər üçün xərclənməsi ilə bağlı mübahisələr də yaranır. Qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu vəsaitlərin istifadəsi yalnız uşağın təhsili, sağlamlığı, qidalanması və ümumi rifahı ilə bağlı olmalıdır. Valideyn həmin vəsaitdən şəxsi maliyyə ehtiyaclarını ödəmək üçün istifadə edə bilməz.

L.İsazadə hesab edir ki, bu sahədə nəzarət mexanizminin düzgün qurulması da vacibdir. Əgər uşaqla bağlı sosial ödənişlərin və ya alimentin təyinatı üzrə istifadə olunmaması barədə şübhələr yaranarsa, qəyyumluq və himayə orqanlarının müdaxilə imkanları olmalıdır. Zəruri hallarda bu vəsaitlərin xərclənməsinə nəzarət mexanizmi tətbiq edilə, hətta müəyyən hallarda uşağın adına ayrıca bank hesabının açılması kimi praktiki mexanizmlər də nəzərdən keçirilə bilər.

İctimai birlik rəhbəri qeyd edir ki, uşaqların vərəsəlik və ya hədiyyə yolu ilə əldə etdiyi əmlak məsələsi yalnız hüquqi deyil, həm də sosial məsuliyyət daşıyan sahədir. Belə hallarda əsas prinsip ondan ibarət olmalıdır ki, əmlakın sahibi uşaqdır, lakin onun idarə olunması müəyyən müddət ərzində valideynlərin və ya qanuni nümayəndələrin üzərinə düşür. Valideynlər həmin əmlakdan sərbəst istifadə edən tərəf kimi deyil, onu qoruyan və uşağın gələcək maraqları naminə idarə edən məsul şəxs kimi çıxış etməlidirlər.

Onun sözlərinə görə, praktikada uşağın adına olan əmlakın – məsələn, mənzil, torpaq sahəsi və ya digər maddi dəyərlərin idarə olunması valideynlərin üzərinə düşür. Lakin bu idarəetmə uşağın hüquqlarını məhdudlaşdırmamalı və ya onun əmlakının azalmasına səbəb olmamalıdır. Xüsusilə belə əmlakın satılması, dəyişdirilməsi və ya başqa formada sərəncam verilməsi kimi hallarda dövlət nəzarətinin mövcud olması vacibdir.

Ekspert vurğulayır ki, bu mərhələdə dövlət qurumlarının, xüsusilə qəyyumluq və himayə orqanlarının rolu ön plana çıxır. Bu qurumlar uşağa məxsus əmlakın onun maraqlarına zidd şəkildə istifadə olunmasının qarşısını almaq üçün nəzarət funksiyasını həyata keçirməlidir. Zəruri hallarda valideynlərin həmin əmlakla bağlı qərarları dövlət orqanlarının razılığı ilə həyata keçirilməlidir.

Избранный
48
1
hafta.az

2Источники