RU

Siyasi şərhçi: Enerji, logistika və rəqəmsallaşma Azərbaycan-Aİ əməkdaşlığının yeni mərhələsini müəyyən edir

Bakı, 12 mart, AZƏRTAC

Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dinamik şəkildə inkişaf etməsi təsadüfi deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, qlobal enerji bazarlarında baş verən dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi ilə bağlı yeni prioritetləri və regionun geostrateji əhəmiyyəti tərəflər arasında əməkdaşlığın daha da güclənməsinə səbəb olub. Bu kontekstdə Azərbaycan həm enerji təchizatçısı, həm də Avropa ilə Asiya arasında mühüm logistika qovşağı kimi çıxış edir.

Siyasi şərhçi vurğulayıb ki, enerji sahəsində tərəfdaşlıq Azərbaycan-Avropa İttifaqı münasibətlərində xüsusi yer tutur. Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı sənədi Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından mühüm addım hesab olunur.

“Azərbaycan hazırda Avropa üçün alternativ və etibarlı enerji mənbələrindən birinə çevrilib. Avropa İttifaqının 10 üzv ölkəsinin Azərbaycandan qaz alması və ümumilikdə 16 ölkəyə Azərbaycan qazının çatdırılması bu əməkdaşlığın davamlı şəkildə genişləndiyini göstərir”, - deyə Ülviyyə Zülfiqar bildirib.

O qeyd edib ki, tərəflər arasında əlaqələr yalnız enerji sahəsi ilə məhdudlaşmır, ticarət sahəsində də əməkdaşlığın intensivləşməsi müşahidə olunur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Azərbaycanın ticarət dövriyyəsinin böyük hissəsi məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Bu isə təkcə enerji sektorunda deyil, həm də sənaye məhsulları, nəqliyyat xidmətləri və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır.

Nəqliyyat sahəsində Orta Dəhlizin inkişafının da xüsusi əhəmiyyət daşıdığını qeyd edən Ü.Zülfiqar deyib: “Asiya ilə Avropa arasında ən qısa və təhlükəsiz marşrutlardan biri hesab olunan bu dəhliz yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldır. Orta Dəhliz vasitəsilə yükdaşımaların müddətinin təxminən 15 günə qədər qısalması qlobal bazarlar üçün mühüm göstəricidir və region ölkələri üçün yeni iqtisadi perspektivlər yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ölkəmizi bu marşrutun əsas logistika mərkəzlərindən birinə çevirir.

Ekspert hesab edir ki, Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü də bu əməkdaşlığı yeni mərhələyə daşıya bilər. Bu təşəbbüs çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastruktura yönələn investisiyalar Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə xidmət edir. Azərbaycan bu layihələrdə əsas tərəfdaşlardan biri kimi çıxış etməklə regionda iqtisadi və logistika mərkəzi rolunu daha da möhkəmləndirir.

Siyasi şərhçinin sözlərinə görə, bu proseslər fonunda Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi rolu tədricən genişlənir. Əgər əvvəl bu münasibətlər əsasən enerji ixracı ilə xarakterizə olunurdusa, hazırda nəqliyyat, logistika, rəqəmsallaşma və yaşıl enerji kimi yeni istiqamətlər də gündəmə gəlir. Xüsusilə Xəzər dənizi vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi layihələri gələcək əməkdaşlıq üçün əlavə perspektivlər yaradır.

“Enerji tərəfdaşlığı, Orta Dəhlizin inkişafı və “Qlobal Qapı” təşəbbüsü Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha geniş və çoxşaxəli xarakter almasına səbəb olur. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir və Azərbaycanın regionda sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynadığını bir daha göstərir”, – deyə Ü.Zülfiqar əlavə edib.

Избранный
27
50
azertag.az

10Источники