RU

Üçbaşlı İran: Onunla necə mübarizə aparmaq olar?

Ekspertlər hesab edir ki, İranın siyasi sistemi çoxmərkəzli hakimiyyət strukturu, ideoloji birlik və güclü təhlükəsizlik aparatına görə son dərəcə davamlıdır...

1979-cu il inqilabından, yəni indiki İran rəhbərliyini hakimiyyətə gətirən hadisələrdən artıq dörd onillikdən çox vaxt keçib. Bu müddət ərzində İran hakimiyyəti bir çox böhranlarla üzləşsə də, hazırda ən ciddi sınaqlardan biri ilə qarşı-qarşıyadır.

Poliqon xəbər verir ki, bu barədə BBC yazır.

ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi komandirlər həlak olub, həmçinin ölkənin mühüm infrastrukturuna zərər dəyib. Vaşinqton və Təl-Əviv açıq şəkildə bildiriblər ki, onların məqsədi rejim dəyişikliyidir və iranlıları öz hökumətlərini devirməyə çağırıblar. Lakin ekspertlərin fikrincə, İran rejimi hakimiyyət sistemini elə qurub ki, onu qısa müddətdə devirmək çox çətindir.

Bəs bu davamlılıq nədən qaynaqlanır və İranın siyasi sistemi Yaxın Şərqin digər ölkələrindən nə ilə fərqlənir?

Ekspertlərin sözlərinə görə, monarxiyanın devrilməsindən sonra İran İslam Respublikası zamanla güclü sarsıntılara tab gətirə biləcək siyasi sistem qurub. Bu sistem sərt nəzarət olunan dövlət institutlarını, ideoloji tərbiyəni, elitlərin birliyini və parçalanmış müxalifəti birləşdirir.

Belçikadakı Avropa Geosiyasi İnstitutunun Yaxın Şərq üzrə tədqiqatçısı Sebastyan Bussua bu strukturu “hidra” ilə müqayisə edir: “Bu, hidra kimi bir quruluşdur: bir başını kəsirsən, yenisi çıxır”.

Bazar günü Əli Xameneinin varisi kimi onun oğlu Müctəba Xamenei seçilib. Bu qərar atasının ölümündən iki həftə keçməmiş qəbul edilib. Gözlənilir ki, o, əvvəlki ali liderin sərt siyasi kursunu davam etdirəcək.

Ekspertlər qeyd edirlər ki, Tunis, Misir və Suriya kimi ölkələrdə hakimiyyət dəyişiklikləri baş versə də, İran ideoloji motivasiyalı təhlükəsizlik strukturları sayəsində xarici sarsıntılara daha davamlı olub. Tehran modelini bəzi analitiklər “polidiktatura” adlandırırlar, yəni siyasi islam tərəfdarları ilə sərt İran millətçiliyinin ittifaqı. Bu fikri Tehrandakı Fransız İran Araşdırmaları İnstitutunun keçmiş direktoru Bernar Urkad səsləndirib.

İranda hakimiyyət bir neçə mərkəz arasında bölüşdürülüb: dini qurumlar, silahlı qüvvələr və iqtisadiyyatın böyük sektorları. Bu səbəbdən sistem tək liderə əsaslanan diktaturalardan daha çətin devrilir. Təsirli qurumlardan biri də Konstitusiyanın Keşikçilər Şurasıdır. Bu orqan qanunvericiliyi bloklaya və seçkilərdə namizədləri süzgəcdən keçirə bilər. Bu isə dövlətə qarşı ciddi siyasi çağırışların yaranma ehtimalını daha da azaldır.

İran avtoritar dövlət hesab edilsə də, vətəndaşlara bəzi seçkilərdə, o cümlədən prezident seçkilərində səs vermək imkanı verilir. Lakin bu proses ciddi nəzarət altındadır: namizədlər əvvəlcədən Keşikçilər Şurası tərəfindən yoxlanılır və İslam Respublikasına sadiqliyi şübhə doğuran şəxslər seçkilərə buraxılmır.

Əgər dövlət institutları rejimin “skeleti” sayılırsa, təhlükəsizlik strukturları onun “əzələləri” hesab olunur. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müntəzəm ordu ilə paralel fəaliyyət göstərir və “rejimin əsas dayağı” kimi qiymətləndirilir.

Bu qurum təkcə hərbi funksiyalar yerinə yetirmir, həm də geniş iqtisadi və siyasi təsirə malikdir. Onun biznes maraqları və könüllü hərbiləşdirilmiş “Bəsic” təşkilatı vasitəsilə cəmiyyətə təsiri böyükdür. Keçmiş etiraz aksiyaları zamanı təhlükəsizlik strukturlarının birliyini qoruması da həlledici rol oynayıb. Bussua bunu ideologiya ilə əlaqələndirir. Onun sözlərinə görə, şiə ənənəsində mövcud olan “şəhidlik mədəniyyəti”, həmçinin HƏMAS və “Hizbullah” kimi təşkilatlarda da müşahidə olunan bu anlayış xidmətin ayrılmaz hissəsi sayılır.

Bu yaxınlarda İranın müdafiə nazirinin müavini Rza Talai-Nik televiziya müsahibəsində bildirib ki, hər bir SEPAH komandiri üçün komanda zəncirində üç səviyyə aşağıya qədər əvvəlcədən varislər müəyyənləşdirilib. Məqsəd idarəetmənin fasiləsizliyini təmin etməkdir.

“United Against Nuclear Iran” təşkilatında SEPAH fəaliyyətini araşdıran ekspert Kasra Ərəbinin fikrincə, İranda hakimiyyətin mərkəzsizləşdirilmiş strukturu qismən 2003-cü ildə ABŞ rəhbərliyindəki koalisiyanın İraqa müdaxiləsi zamanı həmin ölkənin ordusunun dağılmasından çıxarılan dərslərlə formalaşıb.

Onun sözlərinə görə, rejim mövcudluğunu qoruyarsa, SEPAH-ın rolu daha da artacaq. İran iqtisadiyyatının böyük hissəsi dövlətlə bağlı qurumların – məsələn, xeyriyyə fondlarının (“bonyadlar”) nəzarətindədir. Zamanla bu fondlar minlərlə şirkətə sahib olan iri iqtisadi strukturlara çevrilib. Onlar rejimə sadiq qruplar arasında iş yerləri və müqavilələr paylayırlar. SEPAH-ın biznes imperiyası, o cümlədən “Xatəm əl-Ənbiya” konqlomeratı bu patronaj sistemini daha da gücləndirir.

Qərb sanksiyaları İran iqtisadiyyatına ciddi zərbə vursa da, ekspertlər hesab edir ki, bu strukturlar elitlərin maraqlarını qorumağa və sistemin yaşamasını təmin etməyə kömək edir.

Bussuanın sözlərinə görə, bu sistem “o qədər möhkəmdir ki, demək olar ki, qarşı tərəfə keçənləri görmürük”.

Hakimiyyətin qorunmasında din də mühüm rol oynayır. İnqilab dini, siyasi və təhsil institutlarından ibarət geniş şəbəkə yaradıb və bu şəbəkə dövlət ideologiyasını formalaşdırmağa davam edir.

“Bu çox qədim, çox güclü strukturdur, ideoloji, bürokratik və inzibati sistemi güclü edir”, deyə Bussua bildirir.

Onun sözlərinə görə, ideologiya həm birlik mənbəyi, həm də kadr seçimi və peşə hazırlığı üçün əsas mexanizm kimi fəaliyyət göstərir.

Tarixən İran müxalifəti parçalanmış vəziyyətdə qalıb. Onun tərkibinə islahatçılar, monarxiyaçılar, sol qruplar, diaspor hərəkatları – məsələn, İran Milli Müqavimət Şurası – və müxtəlif etnik təşkilatlar daxildir.

Avropa Xarici Əlaqələr Şurasının baş tədqiqatçısı Elli Geranmayenin sözlərinə görə, bu parçalanma uzun illərdir davam edir. İnqilabdan sonra siyasi partiyaların formalaşması arxa plana keçib. Bu, qismən 1980-ci ildə başlayan və təxminən səkkiz il davam edən İran–İraq müharibəsi ilə bağlı idi.

Geranmayenin fikrincə, müxtəlif dövrlərdə mülayim siyasi qruplar sıxışdırılıb, nüfuzdan salınıb və ya onların üzvləri həbs olunub.

Son illərdə ölkədə bir sıra etiraz dalğaları baş verib – o cümlədən 2009-cu ildəki “Yaşıl hərəkat” və 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər.

Lakin bu etirazların vahid rəhbərliyi olmayıb və hakimiyyət onları sərt şəkildə yatırıb.

Bununla belə, bu və ötən il baş verən son etiraz dalğası sürgündə yaşayan sonuncu şahın oğlunun “qlobal fəaliyyət günü” çağırışından sonra başlayıb.

İranda əhali üzərində regionun ən inkişaf etmiş nəzarət sistemlərindən biri də mövcuddur. Hakimiyyət tez-tez interneti söndürür, süni intellektə əsaslanan monitorinq sistemlərindən istifadə edir və xaricdəki fəalları təqib etmək üçün kiberbölmələrdən yararlanır.

Geranmayenin sözlərinə görə, uzun illər iranlılar ABŞ-nin Əfqanıstan və İraqa müdaxilələrinin nəticələrini müşahidə edərək rejim dəyişikliyi tələb etməyə ehtiyatla yanaşırdılar. “Ərəb baharı”ndan sonrakı hadisələr də bu ehtiyatı gücləndirib.

Lakin indi vəziyyət dəyişir. Onun sözlərinə görə, bir çox iranlı hesab edir ki, dövlət artıq iş yerləri və təmiz suya çıxış kimi əsas ehtiyacları təmin edə bilmir və narazılığı boğmaq üçün getdikcə daha çox zor tətbiq edir.

Yanvar ayında baş verən son etiraz dalğasının amansız şəkildə yatırılması, küçələrə tarixdə ən çox sayda insanın çıxması və minlərlə nümayişçinin öldürülməsi bu fikirləri daha da gücləndirib.

Urkad bildirir ki, İran cəmiyyətinin müxtəlif nəsilləri rejimə fərqli yanaşır.

Ölkənin gənc nəsli daha yaxşı təhsil alıb, xarici dünya ilə sıx əlaqədədir və sosial şəbəkələrin təsiri altındadır. Onlar rejimi “korrupsiyalaşmış, repressiv və öz arzularına uyğun olmayan” sistem kimi qəbul edir.

Analitiklərin fikrincə, avtoritar rejimlər adətən üç amil eyni vaxtda baş verəndə süquta uğrayır: əhalinin kütləvi səfərbərliyi, hakim elita daxilində parçalanma və təhlükəsizlik qüvvələrinin müxalifətin tərəfinə keçməsi.

İran tarixində birinci faktor tez-tez müşahidə olunsa da, digər ikisi demək olar ki, heç vaxt baş verməyib.

Urkad hesab edir ki, İslam Respublikasının sonu qaçılmazdır, lakin yaxın deyil: “Hər bir rejim nə vaxtsa sona çatır. Əsas sual bunun nə vaxt baş verəcəyidir”.

Ekspertin fikrincə, Xameneinin ölümü rejim üçün ciddi zərbədir.

“Belə bir lider bir daha olmayacaq. Onun varisi heç vaxt Xameneinin sahib olduğu nüfuza malik olmayacaq”, Urkad vurğulayır.

Lakin Bussua əmindir ki, İslam Respublikasının süqutu heç də zəmanətli deyil. Onun sözlərinə görə, əgər bu baş verərsə və xarici hərbi müdaxilə nəticəsində olarsa, nəticələr daha da ağır ola bilər.

Daha əvvəl Donald Tramp The New York Times qəzetinə demişdi ki, İran üçün “ideal ssenari” Venesueladakı kimi hadisələrin inkişafı ola bilər – yəni prezident Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi.

Lakin Bussua xəbərdarlıq edir: “Əks proses də baş verə bilər. Şimali Koreya və ya Kubada olduğu kimi rejimin sərt nüvəsi daha da möhkəmlənə bilər”.

Poliqon.info

Избранный
85
poliqon.info

1Источники