RU

“Qarşıdakı aylarda sülh sazişi imzalana bilər”-mühüm gəlişmə

 

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin taleyi bir daha gündəmə gəldi. Erməni baş nazir Nikol Paşinyanın son açıqlaması çoxsaylı müzakirələrə səbəb olub. Hökumət başçısı bildirib ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.

Bu, həqiqətən də köhnə iddialardan, yəni iki qardaş ölkəyə-Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina anlamına gəlir? Ermənistan rəhbərliyi buna hazırdırmı? Bəyannamədə yer alan və vaxtilə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan müddəaların Konstitusiyadan kənarda qalması nə deməkdir?

Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi Ermənistanın siyasi kursunda real dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər. Erməni xislətindən çıxış etsək, bu, sadəcə beynəlxalq ictimaiyyətə hesablanmış taktiki gedişdir?

Bir aktual sual da var. Bu proses nə zaman başa çatacaq və yeni Konstitusiya nə vaxt qəbul edilə bilər?

Sona

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalanması üçün rəsmi Bakının iki şərtindən biri artıq öz həllini tapıb: “ATƏT-in Minsk qrupu artıq ləğv olunub. Hazırda sülh sazişi üçün əsas maneə Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməklə bağlı referendum məsələsidir. İrəvan Bakının şərtlərini qəbul edərsə, o zaman qarşıdakı aylarda sülh sazişi imzalana bilər. Ermənistandakı hakimiyyətə üç ildir, vaxt da tanınır ki, cəmiyyəti Azərbaycanla sülh prosesinə hazırlasın. Artıq proses başlayıb. Xəstə təfəkkürlü erməni cəmiyyəti beş il əvvəl ilə müqayisədə indi Azərbaycanla münasibətlərə daha loyal yanaşırlar.

Üstəlik, Ermənistan hakimiyyəti başa düşür ki, Azərbaycanla münasibətlər işğalçı ölkəyə əlavə iqtisadi dividentlər gətirəcək. Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatı dərin böhrandan qurtula bilər. Hazırda Bakı nefti Ermənistanı düşdüyü qaranlıq zülmətdən qurtarmağa çalışır. Rusiyadan gələn məhsullar Azərbaycandan tranzit keçməklə Ermənistana maneəsiz çatdırılır. Bütün bunlar Azərbaycanın Ermənistana uzatdığı sülh əlinin əyani təcəssümüdür. Digər tərəfdən, son 35 ildə ilk dəfə Azərbaycana Ermənistan sərhədində hərbi itkilər baş vermədi. Bu da Ermənistan üçün sülhün böyük dvidentləri ilə tanışlıq anlamında böyük tendensiyalardır. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edir. Deməli, İrəvan ərazi iddialarından əl çəkməyə və referendum keçirməyə hazırlaşır. Bu isə təkcə iki ölkəyə deyil, regiona əbədi sülhü gətirəcək nüanslardandır”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
52
musavat.com

1Источники