RU

İctimai nəqliyyatda sosial qruplar üçün güzəştlər zəruridir – ekspert

Ombudsmanın son məruzəsində həssas sosial qruplar – əlilliyi olan şəxslər, təqaüdçülər, aztəminatlı ailələrin üzvləri, həmçinin şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştli və ya pulsuz tariflərin tətbiqi məsələsi diqqət mərkəzinə gətirilib. Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı QHT.az-a açıqlama verib.

E.Muradlının sözlərinə görə, illərdir bu məsələyə toxunulur və müxtəlif təkliflər irəli sürülür ki, hansı şərtlər və hansı yanaşmalar mövcud ola bilər. Mövcud tariflərin yarı faizini ödəyə bilərlər və ya elə kateqoriyalarda insanlar var ki, onlar ümumiyyətlə, azad oluna bilər gediş haqqından və ya digər yanaşmalar ortaya qoyula bilər ki, ictimai nəqliyyatda həm əlçatanlıq, həm daha böyük insan kütləsinin haqqı müşahidə olunsun, həm də sosial qrupların güzəşt imkanlarından istifadə etməsinə gətirib çıxarsın".

Ekspert bildirib ki, tələbələr ictimai nəqliyyatdan geniş istifadə edən böyük bir kontingentdir, lakin bir çoxları şəxsi avtomobil və ya taksiyəyə üstünlük verir: “İctimai nəqliyyatla həm gecikmələr baş verə bilir, həm sıxlıq, həm də qiymət baxımından yanaşanda 3-4 tələbənin pulu qoyub bir taksi ilə bir ünvandan digər ünvana getməsi ictimai nəqliyyata xərclənən pul ilə bərabərdir".

Elməddin Muradlı əlavə edib ki, Azərbaycan sosial-iqtisadi baxımdan güclü ölkədir və bu güzəştlərin tətbiqi heç bir itkiyə gətirib çıxarmayacaq: “Azərbaycan dünyaya öz iqtisadi və siyasi gücünü nümayiş etdirmiş bir ölkə olaraq, hansı qruplara müəyyən güzəştlər etsə, heç nə uduzmaz, böyük bir itki olmaz. Bu güzəşt mütləq olmalıdır".

Ekspert vurğulayıb ki, güzəşt paketinin tətbiqi üçün texniki məsələlər də vacibdir: “Güzəşt paketi əgər olacaqsa, mütləq kart sisteminə keçmək lazımdır ki, bundan kimlərsə sui-istifadə eləməsin. Məsələn, güzəştli adam artıq o kartı əldə edir, metroda, ictimai nəqliyyatın digər növlərində, turniketə və ya validatora oxutturan kimi sistem dərhal görür ki, bu adam güzəşt kateqoriyasına düşür, ona görə onun kartından hər hansı pul çıxmır və ya müəyyən faizdə ödəniş edilir".

Ekspert sonda qeyd edib ki, hazırda Aftobus parkının yalnız 30%-i kart sisteminə keçə bilib və bu məsələlərdə həll tapılmalıdır.

Fatimə Nəbiyeva

Избранный
60
qht.az

1Источники