RU

bp və TLM Azərbaycan kino ensiklopediyasını təqdim etdi

bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında hazırlanmış “Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898–2025)” adlı dördcildliyin təqdimat mərasimi keçirilib. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, dosent Aydın Kazımzadənin müəllifi olduğu bu fundamental nəşr Azərbaycan kinosunun yarandığı gündən bu günə qədər bütün tarixi mərhələləri əhatə etməklə, Azərbaycan Dövlət Film Fondunda qeydiyyata alınmış filmlər haqqında məlumatları sistemli şəkildə təqdim edir.

Təqdimat mərasimində bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, layihənin müəllifi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, layihənin elmi redaktoru, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, Xalq artisti Fəxrəddin Manafov, eləcə də layihənin rəhbəri, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı çıxış ediblər. Çıxışlarda Azərbaycan kinosunun zəngin tarixi, milli kino irsinin sistemli şəkildə araşdırılması və qorunmasının əhəmiyyəti, həmçinin bu kimi fundamental nəşrlərin gələcək nəsillər üçün dəyərli elmi mənbə kimi rolu vurğulanıb. Tədbirin aparıcısı bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlının tədbirdə iştirak edən hər bir korifey sənətkarımız haqqında təəssüratları xüsusi maraqla qarşılanmışdır.

Ensiklopediyanın I və II cildlərinə 1898–2025-ci illərdə ölkəmizdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya bədii filmləri, animasiya filmləri və “Mozalan” satirik kinojurnalının bədii süjetləri daxil edilib. III və IV cildlərdə isə Azərbaycan kinematoqrafiyasının mühüm hissəsini təşkil edən sənədli filmlər haqqında geniş ensiklopedik məlumatlar təqdim olunub.

Qeyd edək ki, “Azərbaycan kinosu. Yığcam ensiklopediya” dördcildliyində ilk dəfə olaraq 2025-ci ilə qədər istehsal olunmuş filmlər vahid şəkildə toplanaraq sistemləşdirilib. Nəşrlərdə oxucular üçün həmçinin “Filmlərin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” üzrə təsnifat aparılıb.

Ensiklopediyanın hazırlanması zamanı müəllifin şəxsi arxivində qorunan materiallardan, müxtəlif illərdə kino sahəsində çalışan şəxslərin arxivlərindən, eləcə də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fotosexində və Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub. Azərbaycan kinosunun 128 illik tarixini külliyyat halında əks etdirən dördcildlik hazırlanarkən filmlərimiz hesablanaraq onların təxmini sayı da müəyyənləşdirilib.

“Azərbaycan kinosu. Yığcam ensiklopediya” nəşri kino tədqiqatçıları, mədəniyyət və incəsənət sahəsində təhsil alan tələbələr və müəllimlər, həmçinin Azərbaycan kinosunun tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Layihənin ərsəyə gəlməsində həmçinin məsləhətçi Şamxal Əbilov, koordinatorlar Aliyə Səfərova və İlahə Azməmmədova, buraxılışa məsul şəxslər Sevil İsmayılova və Rafiq Kazımov, dizaynerlər Ayaz Abdulzadə və Elçin Aşurov, səhifələyicilər Ələkbər Kərimov və Gülnar Səfərova, redaktorlar Ramin Alılı, Qurban Cəbrayıl və Toğrul Rəhimli, korrektorlar Arzu Quluzadə, Nəzrin Hüseynova və Jalə Bəgəliyeva, texniki redaktorlar Sevinc Yusifova və Allahverdi Kərimov, baş redaktor Nərgiz Cabbarlı, eləcə də texniki heyətin üzvləri Kəmalə Quluzadə, Alagöz Quliyeva və Briliyant Məmmədova iştirak ediblər.

Избранный
84
13
nocomment.az

10Источники