RU

Deputat: Bu səfər mühüm siyasi mesajdır

Yazını böyüt
Yazını kiçilt

“Bu səfər Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətli tərəfdaş olduğunu bir daha təsdiqləyir”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Rizvan Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti António Koştanın Azərbaycana səfərini təhlil edərkən bildirib.

Deputat qeyd edib ki, bu sədər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakterini bir daha təsdiqləyən mühüm siyasi hadisədir. Onun sözlərinə görə, bu səfər ikitərəfli, eləcə də regional və qlobal geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə baş tutduğu üçün xüsusi əhəmiyyət daşıyır.

Deputat eyni zamanda vurğulayıb ki, Azərbaycan Prezidenti Ilham Aliyev tərəfindən həyata keçirilən sülh və əməkdaşlıq gündəliyi hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq arxitekturasının formalaşmasına yönəlib. Bu baxımdan Avropa İttifaqının yüksək səviyyədə Bakıya səfəri regionda sabitlik və dialoqun təşviqi baxımından da mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

“Koştanın açıqlamasına diqqət etsək, görürük ki, Səfərin əsas əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, bu səfər Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətli tərəfdaş olduğunu bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına nəqli Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətini qazla təmin etməklə həm də onların təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

İkinci mühüm məqam regional sülh prosesidir. Azərbaycan regionda uzunmüddətli sabitliyin təmin olunması üçün Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanmasını gözləyir. Avropa İttifaqı da bu prosesi dəstəkləyən əsas beynəlxalq tərəfdaşlardan biridir. Bu baxımdan Koştanın səfəri sülh gündəliyinin irəliləməsi və diplomatik dialoqun davam etdirilməsi baxımından mühüm dəstək anlamına gəlir. Üçüncü istiqamət regional nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləridir. Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Orta Dəhliz və digər regional nəqliyyat layihələri Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin inkişafına və qlobal tədarük zəncirlərinin sabitliyinə töhfə verir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olmasını nəzərə alsaq, səfərin bu sahədə də əlaqələrinin genişlənməsi istiqamətində mesaj oldğunu qəbul edə bilərik”,- deputat bildirib.

R.Nəbiyev eyni zamanda hesab edir ki, səfər çərçivəsində Yaxın Şərqdə və regionda dəyişən aktual geosiyasi vəziyyətin müzakirəsi də xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan balanslaşdırılmış xarici siyasəti və regional sabitliyə verdiyi töhfə ilə beynəlxalq dialoq üçün mühüm tərəfdaş kimi çıxış edir. Bu faktorlar da Brüssel diqqətindən yayınmır. Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidentinin Bakıya səfəri Azərbaycan–Aİ münasibətlərinin inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi, regional sülh prosesinin təşviqi və qlobal geosiyasi çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə dair mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər”.

Tahirə Qafarlı

Избранный
68
hafta.az

1Источники