RU

Müctəba Xamenei ölüb, yoxsa yaralanıb… – Ziddiyyətlər nədən XƏBƏR VERİR? 

İranda ali rəhbərliklə bağlı son günlər yayılan məlumatlar beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Xüsusilə ölkənin yeni ali lideri seçildiyi bildirilən Müctəba Xameneinin vəziyyəti ilə bağlı fərqli və bir-birini təkzib edən xəbərlərin yayılması diqqət çəkir. Bəzi mənbələr onun yaralandığını, bəziləri öldüyünü, digərləri isə səhhətinin normal olduğunu iddia edir. Bu ziddiyyətli informasiyalar regionda və beynəlxalq ictimaiyyətdə suallar doğurur.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Müctəba Xamenei yaralansa da, özünü yaxşı hiss edir. Onun sözlərinə görə, yeni ali liderin ilk çıxışını nə vaxt edəcəyini dəqiq demək mümkün deyil.

“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali lider vəzifəsi uğrunda mübarizə aparırdı, lakin Ekspertlər Şurasının əksəriyyəti onu seçdi”, – deyə Bəqai bildirib.

Xatırladaq ki, İran Ekspertlər Şurasının Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçdiyi barədə məlumatlar yayılıb. Beynəlxalq media isə onun xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanındığını qeyd edir. “The New York Times” qəzetinin yazdığına görə, İranın əvvəlki ali rəhbərinin oğlu olan Müctəba Xameneinin bu vəzifəyə gətirilməsində SEPAH-ın ciddi təsiri olub. Qəzetin mənbələri iddia edir ki, Əli Xameneinin ölümündən sonra məhz bu hərbi-siyasi struktur onun oğlunun rəhbərliyə gətirilməsində israr edib.

Qeyd edək ki, yayılan məlumatlara əsasən, İranın əvvəlki ali rəhbəri Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə əməliyyatın ilk günündə iqamətgahında öldürülüb. Lakin regiondakı gərginlik və informasiya müharibəsi fonunda bu hadisə ilə bağlı da müxtəlif versiyalar dolaşmaqdadır.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, İran rəhbərliyi ilə bağlı yayılan ziddiyyətli xəbərlər təsadüfi deyil və bunun arxasında bir neçə mühüm amil dayanır:

“İlk növbədə İranın siyasi sistemi kifayət qədər qapalıdır və ölkə daxilində baş verən proseslər barədə informasiya ciddi şəkildə filtrdən keçirilərək yayılır. Bu isə müxtəlif versiyaların meydana çıxmasına şərait yaradır.

Hazırda İran daxilində hakimiyyət uğrunda müəyyən siyasi mübarizə ehtimalı da istisna edilmir. Ali lider postu İran siyasi sistemində ən yüksək və ən təsirli mövqe olduğu üçün bu vəzifə ətrafında müxtəlif güc mərkəzləri arasında rəqabət yarana bilər. Ziddiyyətli məlumatların yayılmasının digər səbəbi regionda gedən informasiya müharibəsidir”.

Onun sözlərinə görə, İranın daxili siyasi vəziyyəti ilə bağlı müxtəlif dövlətlər və media qurumları fərqli məlumatlar yayaraq informasiya təsiri yaratmağa çalışırlar.

“İran hazırda regionda ciddi hərbi və siyasi gərginlik fonunda fəaliyyət göstərir. Belə şəraitdə liderlə bağlı yayılan xəbərlər yalnız daxili siyasi proseslərin deyil, həm də beynəlxalq informasiya qarşıdurmasının bir hissəsi kimi qiymətləndirilə bilər”, – deyə siyasi şərhçi bildirib.

Ekspert əlavə edib ki, Müctəba Xameneinin adı uzun illərdir İran siyasi elitasında mümkün varis kimi çəkilirdi:

“Onun xüsusilə SEPAH strukturları ilə yaxın əlaqələri isə ölkə daxilində güc balansının formalaşmasında mühüm rol oynaya bilər.

Yaxın günlərdə İran rəhbərliyi tərəfindən daha aydın və rəsmi məlumatların verilməsi gözlənilir. Bu isə həm Müctəba Xameneinin vəziyyəti, həm də ölkədə ali hakimiyyətlə bağlı yaranmış suallara müəyyən dərəcədə aydınlıq gətirə bilər”.

Tunar
NOCOMMENT.az

Избранный
29
50
nocomment.az

10Источники