RU

Naxçıvandan bədxahlara mesaj

Arzu Nağıyev: “Xüsusilə Naxçıvana dron hücumundan sonra bu səfər təkcə protokol xarakterli deyil, həm də regional təhlükəsizlik kontekstində ciddi mesajdır”

Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Musavat.com-un məlumatına görə, Müdafiə Nazirliyindən məlumat verilib ki, səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib. Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib. Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Metin Tokelin Naxçıvana səfəri Azərbaycan - Türkiyə hərbi əməkdaşlığının praktik müstəvidə daha da dərinləşdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə Naxçıvana dron hücumundan sonra bu səfər təkcə protokol xarakterli deyil, həm də regional təhlükəsizlik kontekstində ciddi mesajdır. Bu arada iki qardaşın arasına girmək istəyənlərə də tutarlı cavabdır. Fikirləriniz maraqlıdır
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a açıqlamasında öncə xatırladıb ki, Türkiyə və Azərbaycan arasında münasibətlər tək siyasi və hərbi əməkdaşlıqdan ibarət deyil: “Bunun tarixi kökləri var- mədəni və mənəvi bağlara söykənir. Türkiyənin silahlı qüvvələrinin quru qoşunları komandanı ordu generalı Mətin Tökelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri də hər şeydən öncə strateji məna daşıyır. Yəni əsas məram - məqsəd müdafiə və təhlükəsiz sahəsində qarşılıqlı yardım mexanizmini gücləndirir, siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını genişləndirir, regionda yeni təhlükəsiz arxitekturasını formalaşdırır. Əsas məqam da Şuşa Bəyannaməsinin əhəmiyyətini artırır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətlərin təbii ki, strateji müttəfiqlik səviyyəsinə qalxmasıdır”. A.Nağıyev hərbi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağını istisna etmir: “Qeyd etmək lazımdır ki, bu görüşün gələcək perspektivi kimi, hərbi və təhlükəsizlik əməkdaşlığı genişlənəcək hərbi əməkdaşlığımız artıq regionun təhlükəsizlik balansına təsir edir bu ciddi faktordur. Mətin Tökel kimi yüksək səviyyələri hərbi nümayəndənin Naxçıvana səfəri koordinasiyalı münasibətlərin davam etdiyini göstərir və regionda baş verən son hadisələr - Amerika Birləşmiş Ştatları - İran gərginliyi digərləri bir daha göstərdi ki, Naxçıvan çox strateji əhəmiyyətli bir məntəqədir həm Azərbaycan, həm Türkiyə üçün strateji əhəmiyyətlidir. Türkiyə ilə quru əlaqəsi birbaşadır, regionun nəqliyyat dəhlizinin mərkəzindədir. Eyni zamanda hərbi - strateji, təhlükəsizlik baxımından mühüm bir mövqedir, yəni iqtisadi məsələlərdə təbii ki Bakı - Tiflis - Ceyhan, digər marşrutlar, bunlar çox mühüm əhəmiyyət kəsb edir. Əsas məsələ regional geopolitik təsirdən gedir, yəni Türkiyə - Azərbaycan tərəfdaşlığı artıq regionun, Cənubi Qafqazın geopolitik strukturunu formalaşdırır”.

Komitə sədri əmindir ki, bu məsələlər Türkiyə və Azərbaycan münasibətlərini gələcəkdə də daha dərinləşdirəcək: “Hərbi müttəfiqlik, iqtisadi inteqrasiya regional liderlik istiqamətində inkişaf edəcək . Bu regionun təhlükəsizliyi, iqtisadi inkişafı üçün mühüm amillərdən biridir. Gələcəkdə Türkiyə, xüsusi xidmət orqanları ilə birlikdə orta hərbi təlimlər müdafiə sənayesininin inkişafı və bu sahədə ciddi əməkdaşlıq hərbi təhsil və təcrübə mübadiləsi, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyinin dəstəklənməsi regional layihələrdə koordinasiya davam edəcək. Bütün bunlar çox mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Buna görə də düşünürəm ki, Naxçıvanda çox mühüm əhəmiyyət kəsb edən görüş keçirilib. Son vaxtlar baş verən hadisələrlə bağlı istər cənab prezident İlham Əliyevin, istərsə cənab Rəcəb Tayyib Ərdoğanın mövqeyi və bu mövqelərin üst-üstə düşməsi təkcə bizim ümumi maraqlarımızın nümayiş olunması demək deyi, eyni zamanda dost və düşmənlərə də məxsusi bir mesajdır”.

Elşad Paşasoy,
Musavat.com

 

Избранный
81
musavat.com

1Источники