Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.
Aznews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib:
"Zati-aliləri, xanımlar və cənablar, sabahınız xeyir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmaqdan şərəf hissi duyuram. XIII Qlobal Bakı Forumunda burada - Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur və mən hər birinizə bu önəmli tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik. Bu prosesə başlamaq üçün Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə bir yerdə olmaqdan şərəf hissi duyuruq və o, çıxışında fikirlərini bizimlə bölüşəcək. Cənab Prezident, buyurun, söz Sizindir".
x x x
Dövlət başçısı açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar, sabahınız xeyir. Bütün qonaqlarımızı salamlayır və forumun bütün iştirakçılarına xoş gəlmisiniz deyirəm. İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrləri xanım Vike-Freyberqaya və cənab Serageldinə, İdarə Heyətinin üzvlərinə, həmçinin Mərkəzin bütün kollektivinə bu illər ərzində nümayiş etdirdikləri yüksəksəviyyəli fəaliyyətə görə minnətdarlığımı bildirmək istərdim. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir.
Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir.
Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
Builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik.
Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur.
Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.