BAKI, 12 mart. TELEQRAF
Argentina ilə İspaniya arasında keçiriləcək "Finalissima" oyununun məkanı son anda dəyişdirilib.
Teleqraf “Marca”ya istinadən xəbər verir ki, görüşün keçiriləcəyi stadionla bağlı rəsmi açıqlama hələ verilməsə də, matçın “Real Madrid”in ev arenası olan “Santyaqo Bernabeu”da baş tutacağı gözlənilir.
Əvvəlcə qarşılaşmanın Qətərin Doha şəhərində yerləşən Lusail stadionunda keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdəki gərginlik səbəbindən Qətər Futbol Assosiasiyası ölkədə turnir və yarışların keçirilməsini dayandırdığını açıqlayıb.
Bundan sonra təşkilatçılar alternativ variantları nəzərdən keçiriblər. Mayami və London şəhərləri namizədlər arasında olsa da, son danışıqlardan sonra Madrid əsas seçim olub.
Qeyd edək ki, dünya çempionu Argentina ilə Avropa çempionu İspaniya arasında baş tutacaq Finalissima oyununun 27 mart tarixində keçirilməsi planlaşdırılır. Turnirin sonuncu oyunu 2022-ci ildə Londondakı “Uembli” stadionunda keçirilib və Argentina İtaliya üzərində qələbə qazanaraq kuboku qazanıb.