RU

İsmayıl İman: Dramaturgiya tamaşaçını həyəcanlandıra biləcək mövzulara müraciət etməlidir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

“CHARACTERS” teatrı və “Fluxus Space” art-qalereyası tamaşaçılara “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edib. Tamaşa İsmayıl İmanın eyniadlı pyesi əsasında hazırlanıb və müstəqil teatrın ilk layihəsidir. Pyes Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Omid adlı ağ durnanın populyasiyasının son nümayəndəsi haqqında real tarixə əsaslanır.

"CHARACTERS"in bədii rəhbəri və dramaturq İsmayıl İman AZƏRTAC-ın müxbirinə müsahibəsində tamaşanın ideyasının necə yarandığı barədə danışıb: “Pyes 2024-cü ildə yazılıb. Həmin vaxt mən Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının layihəsi olan Beynəlxalq Teatr Akustikası Məktəbində iştirak etməyə dəvət olunmuşdum. Bu teatr layihəsinin mövzusu quşlar, daha dəqiq desək, onları seyr etmək – bördvotçinq idi. Müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən mən, quşlar haqqında milli miflərdən, əfsanələrdən və nağıllardan material toplayaraq onu teatr metaforasının dili ilə şərh etdik.

Həmin vaxt mən artıq sonuncu ağ durna olan Omidin gözəl və faciəli hekayəsini bilirdim. Bunu mənə bu quş haqqında sənədli film çəkən rejissor İlkin Yusif danışmışdı. Quşun əsl hekayəsinə mifoloji bir təbəqə əlavə etmək və onu sözün əsl mənasında bördvotçinq mövzusu ilə əlaqələndirmək istədim.

Nəticədə 2025-ci ilin oktyabr ayında Qazaxıstanın Astana şəhərində kollektiv tamaşanın bir hissəsi kimi təqdim olunan bir pyes alındı. Daha sonra düşündüm ki, bu hekayəni Bakıda müstəqil bir tamaşa kimi davam etdirmək lazımdır”, - deyə müsahibimiz qeyd edib.

Tamaşada qaldırılan məsələlərə incəsənətin təsiri üzərində fikir yürüdən İsmayıl İman deyir ki, dramaturq və ümumiyyətlə teatr mürəkkəb suallara birbaşa cavab vermir və verə bilməz.

“Amma biz tamaşaçıları düşündürən mövzulara toxuna bilərik və bunu etməliyik. Teatr bizə gülümsəmək, kədərlənmək, düşünmək imkanı verir. Məncə, rejissor Mikayıl Merdinli və bütün yaradıcı heyət layiqli bir əsər yaradıblar. Onun çoxqatlı yanaşmasını bəyənirəm və bu, mənə xüsusilə yaxındır. Bu, quş və onun səyahəti haqqında bir hekayədir, eyni zamanda, insanlar və onların daim dəyişən dünyamızdakı yeri haqqında bir söhbətdir”, - deyə dramaturq vurğulayıb.

“Omid, sonuncu ağ durna” tamaşasının quruluşçu rejissoru qismində Mikayıl Merdinli çıxış edib. Quruluşçu rəssam Rufana Məmmədovadır, plastik həllər isə Nigar Güləhmədovaya məxsusdur. Rolları Məmməd Rəfiyev, Kamal İbrahimov, Atika Əliyeva, Avsəddin Ələkbərov, Rami Klim ifa edirlər.

Qeyd edək ki, “CHARACTERS” 2023-cü ildə pyes müsabiqəsi ilə Müasir Dramaturgiya Festivalı kimi təsis edilib. Zamanla layihə genişlənib və transformasiyaya uğrayıb, ona təhsil proqramları, xarici pyeslərin oxunması, pyes tərcüməsi müsabiqəsi və ikinci dramaturgiya müsabiqəsi əlavə edilib. Eyni zamanda, Britaniya Şurası, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Çilinin Azərbaycandakı səfirliyi, EURODRAM - Avropa Tərcümə Dram Şəbəkəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan teatrları ilə beynəlxalq və yerli əməkdaşlıqlar inkişaf edib. Son bir il ərzində “CHARACTERS” öz teatr tamaşalarını yaratmaq istiqamətində ardıcıl olaraq irəliləyib.

Anara Axundova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
79
1
azertag.az

2Источники