RU

Gənclər şəxsi yazışmalarını niyə süni intellektə yazdırır?


Gənclər yalnız iş və təhsil həyatında deyil, şəxsi yazışmalarında da artıq süni intellektə müraciət edirlər.
Yeniavaz.com
xəbər verir ki, müşahidələrə əsasən, gənclər dostları ilə, yeni tanış olduqları şəxslərlə və hətta romantik yazışmalarında belə süni intellektdən kömək alırlar.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Hüseyn İbrahimov bunu süni intellektin imkanlarından sui-istifadə kimi qiymətləndirib:
“Yeniyetmələr və gənclər, xüsusən tələbələr, öz təfəkkürlərinə əziyyət vermədən bu texnologiyanın vasitəsilə bir çox məsələlərini həll edir və biliklərini təkmilləşdirirlər. Bu, onlara daha çox vaxta qənaət etməyə imkan verir, kitabxanaya getməyə ehtiyac qalmır. Mesajların süni intellekt vasitəsilə yazılması, hətta məktubların hazırlanması göstərir ki, gənclər bu məsələlərdə öz düşüncələrini yormaq istəmirlər”.
Hüseyn İbrahimov əlavə edib ki, bəzi gənclər isə bacarığı olmadığı üçün süni intellektdən bu məqsədlə istifadə edir:
“Amma bir çoxlarının buna bacarığı çatmır. Təəssüf ki, bu gün gənclər söz ehtiyatı, məntiqli cümlə qurmaq, izahat və ya ərizə yazmaq imkanları baxımından əziyyət çəkirlər. Bunun səbəblərindən biri odur ki, verbal sosial ünsiyyət azalıb və onun yerinə qeyri-verbal texnologiya baxışı keçib. Süni intellektə məqsəd yox, vasitə kimi yanaşmaq lazımdır. Təəssüf ki, gənclər daha çox ona məqsəd kimi yanaşırlar”.
Yeniavaz.com-a danışan psixoloq Fəridə Musavi isə bildirib ki, bunun səbəbi gənclərin özlərini əziyyətə vermək istəməməsidir:
“Süni intellektin inkişafı bir tərəfdən yaxşıdır, çətin məqamlarda müəyyən zamanlarda istiqamət tapmaq üçün faydalıdır. Amma çox təəssüf ki, bu gün gənclər özlərini əziyyətə vermək istəmirlər, beyinlərini düşünməyə vadar etmək istəmirlər. Hər şeyi hazır şəkildə, rahat şəkildə əldə etmək istəyirlər. Buna səbəb tənbəllik və özünü əziyyətə verməməkdir”.

Fəridə Əsədzadə
Избранный
9
2
yeniavaz.com

3Источники