ABŞ qüvvələri tərəfindən ələ keçirilərək ölkədən çıxarılan sabiq Venesuela Prezidenti Nikolas Maduro təkadamlıq kamerada - cərimə təcridxanasında saxlanılır.
Sitat.info xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti mənbələrə istinadən yazıb.
“Otağın uzunluğu 3 m, eni 2 m-dir. Ora intizam məqsədilə təcridetmə, intiharın qarşısının alınması, yaxud xüsusilə təhlükəli və ya risk qrupunda olan məhkumların qorunması üçün istifadə edilir. Məhkumlar bu cür kameralardan həftədə üç dəfə bir saat müddətinə çıxa bilərlər, bu zaman əlləri və ayaqları qandallı olmalıdır. Bu müddət ərzində onlar duş qəbul edə, telefondan istifadə edə (aylıq limit daxilində), nəzarət altında elektron poçtu yoxlaya və ya kiçik hasarlanmış həyətə çıxa bilərlər”, - nəşr yazır.
Məlumata görə, Maduro Nyu-Yorkda yerləşən federal Metropolitan Saxlama Mərkəzində (“MDC Brooklyn”) saxlanılır. Bu müəssisənin kameralarında qalmaqallı maliyyəçi Ceffri Epşteynin köməkçisi Qisleyn Maksvell, Hondurasın keçmiş dövlət başçısı Xuan Orlando Ernandes, eləcə də mübahisəli prodüser, reper Şon “Diddi” Kombs kimi tanınmış şəxslər saxlanılıb.
“Bruklin istintaq təcridxanası yer üzündəki cəhənnəmdir. O, tam baxımsızlıq vəziyyətindədir, maliyyə və kadr çatışmazlığı yaşayır. Bu, heç kimin bir dəqiqə belə keçirmək istəməyəcəyi bir yerdir”, - həbsxana məsələləri üzrə məsləhətçi Sem Mangel bildirib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba əsgəri və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.