RU

YAP Qaradağ rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd olunub - FOTOLAR

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi yad olunub.

Sonra tədbir iştirakçıları 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında “Yeni Azərbaycan Partiyası uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, şəhid anası Fəridə İsmayılova və partiya fəalı Seyidməmməd Məmmədzadə çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 750 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyası ötən dövr ərzində zəngin və şərəfli inkişaf yolu keçib.

Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvünə, o cümlədən yubiley yaşı tamam olan partiya veteranlarına fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda bədii hissə təqdim olunub.

Избранный
82
2
unikal.az

10Источники