RU

"Azərbaycan-Avropa İttifaqı görüşü ölkənin beynəlxalq reputasiyasını yeni səviyyəyə yüksəldir" - ŞƏRH

"11 mart tarixində Bakıda Prezident İlham Əliyev ilə Antonio Koşta arasında keçirilmiş geniş tərkibli görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin təkcə növbəti diplomatik epizodu deyil, daha geniş geosiyasi mənaya malik strateji dialoq mərhələsi kimi qiymətləndirilməlidir".

Bu fikirləri Redaktor.az-a Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən bəhs edən deputat Rövşən Muradov bildirdi.

O əlavə etdi ki, son illərdə qlobal enerji təhlükəsizliyi məsələsi beynəlxalq siyasətin ən mühüm prioritetlərindən birinə çevrilib:

"Enerji bazarlarında baş verən transformasiya və geosiyasi risklərin artması Avropanı etibarlı və uzunmüddətli tərəfdaşlara daha çox ehtiyac duymağa vadar edib. Bu kontekstdə Azərbaycan özünü yalnız enerji ehtiyatlarına malik ölkə kimi deyil, həm də öhdəliklərinə sadiq, sabit və proqnozlaşdırılan tərəfdaş kimi təsdiq edib. Azərbaycanın Avropanın ondan artıq ölkəsinə təbii qaz ixrac etməsi artıq təkcə iqtisadi göstərici deyil, eyni zamanda beynəlxalq etimadın və strateji tərəfdaşlığın göstəricisidir. Bu əməkdaşlığın institusional dayaqlarından biri olan Cənub Qaz Dəhlizi layihəsi Avropa ilə Azərbaycan arasında enerji dialoqunu yeni mərhələyə yüksəldib. Sözügedən görüşün əsas məzmunu göstərir ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır, təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal transformasiya və regional sabitlik kimi strateji sahələri də əhatə edən kompleks tərəfdaşlıq modelinə çevrilir.

Bununla yanaşı, görüş zamanı nəqliyyat və logistika məsələlərinin geniş müzakirəsi Azərbaycanın Avrasiya məkanında formalaşan yeni ticarət arxitekturasında oynadığı rolun əhəmiyyətini bir daha nümayiş etdirdi. Avrasiya məkanında formalaşan yeni iqtisadi marşrutlar fonunda Azərbaycan artıq sadəcə tranzit ölkə deyil, regionlararası iqtisadi əlaqələrin təmin olunmasında mühüm strateji qovşağa çevrilib. Bu kontekstdə inkişaf edən Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında alternativ və etibarlı ticarət xətti kimi xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut yalnız logistika infrastrukturu deyil, həm də yeni geoiqtisadi əlaqələr sisteminin əsas dayaqlarından biri kimi çıxış edir. Avropa İttifaqının bu marşruta artan marağı Azərbaycanın Avrasiya məkanında oynadığı rolun beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir".

Deputat hesab edir ki, Bakı görüşünün diqqətəlayiq tərəflərindən biri də texnoloji əməkdaşlıq və rəqəmsal transformasiya sahəsində perspektivlərin müzakirə olunmasıdır:

"Süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur kimi istiqamətlər üzrə dialoq Azərbaycanın inkişaf strategiyasının yalnız resurs iqtisadiyyatı ilə məhdudlaşmadığını göstərir. Bu yanaşma ölkənin gələcək inkişaf modelinin innovasiya və texnologiya əsaslı iqtisadiyyat üzərində qurulduğunu nümayiş etdirir. Belə bir transformasiya Azərbaycanın beynəlxalq imicini yalnız enerji və tranzit ölkəsi kimi deyil, həm də modern və texnoloji inkişaf yolunu seçmiş dövlət kimi möhkəmləndirir. Bakıda baş tutmuş bu görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın beynəlxalq sistemdə formalaşdırdığı yeni strateji mövqenin də göstəricisidir. Bu dialoq Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və texnoloji inkişaf sahələrində rolunu daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq reputasiyasını yeni səviyyəyə yüksəldir. Nəticə etibarilə Azərbaycan tədricən regionun sərhədlərini aşaraq Avrasiya məkanında siyasi sabitlik, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq üçün mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Bakı görüşü isə məhz bu yüksələn strateji mövqenin növbəti təsdiqi kimi tarixə düşür".

Nuriyyə NATİQQIZI

Избранный
69
redaktor.az

1Источники