RU

10 nəfərin ölümündə suçlanan İbrahimov da amnistiyaya düşüb - Məhkəmə İŞİ

Ötən ilin yanvarında Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin mebel emalatxanasında baş vermiş dəhşətli partlayışda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər – ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 1992-ci il təvəllüdlü Toğrul Rzayev barəsində verilmiş hökm qüvvədə saxlanılıb. Eyni zamanda, qərara əsasən, hər iki şəxsə Amnistiya Aktı tətbiq olunub və cəzaları 6 ay azaldılıb.

İbtidai istintaqla Tağı İbrahimov və Toğrul Rzayevin yanğın təhlükəsizliyi qaydalarını pozmaqla 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına, habelə ASC-nin ərazisində maddi ziyana yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdi. Həmçinin, Tağı İbrahimovun xüsusilə külli miqdarda vergilərdən yayınması ilə bağlı ittiham irəli sürülmüşdü. Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 və 225.3-cü maddələri, Toğrul Rzayev isə 225.3-cü maddə ilə ittiham olunmuşdu.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmünə görə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
6
musavat.com

1Источники