Mən Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaratdığı üçün Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, ötən günlərdə Azərbaycandan birinci humanitar yardımın İrana göndərildiyinə şahidlik etdik. Bu addım bizim ortaq mədəniyyətimizdən, müştərək dəyərlərimizdən irəli gəlir, dar günlərdə bir-birimizə kömək edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu deyib.
Səfir bildirib ki, Rusiyanın göndərdiyi humanitar yük Lənkərana çatdırılıb və buradan İranın Qızıl Aypara Cəmiyyətinə təhvil verilərək ünvanına yola salınır. “Bu humanitar yardıma görə həm Rusiya dövlətinə və xalqına, eyni zamanda, yükün ölkəmizə çatdırılmasına imkan yaradan Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə martın 10-da ölkəmizdən humanitar yardım karvanı yola salınıb. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.
Bu gün isə Rusiya İrana humanitar yardım göndərib. Humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib. On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.