BAKI, 12 mart. TELEQRAF
“Qlobal təhlükəsizliyi təmin etmək üçün imzalanan razılaşmalar hazırda həm ən zəruri, həm də ən çox köhnəlmiş mexanizmlərdir”.
Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
B.Yıldırım qeyd edib ki, dünya düzəninin idarə edilməsi hələ də İkinci Dünya müharibəsindən sonra formalaşmış arxaik qaydalarla aparılır:
“Beynəlxalq təşkilatların iş üsulları çevik deyil və proseslərin ləngliyi çoxtərəfli əməkdaşlığa olan inamı sarsıdır”.
Təhlükəsizlik Şurasının tərkibinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayan baş katib, regional təmsilçiliyin, xüsusilə müsəlman dünyasının qlobal qərarlarda söz sahibi olmasının zəruriliyini vurğulayıb.
O bildirib ki, dövlətlər nizamnaməyə sadiq qalmalı, qurumları öz şəxsi maraqlarına alət etməməlidirlər.
Sonda B.Yıldırım islahatların qaçılmaz olduğunu və beynəlxalq qurumların daha effektiv olması üçün kollektiv səylərin artırılmasının önəmini diqqətə çatdırıb.