RU

İranın ali rəhbərinin ilk bəyanatı

AzVision.az xəbər verir ki, onun bəyanatı dövlət televiziyasında səsləndirilib.

Atasının öldürülməsindən sonra ilk açıqlamasıını verən Müctəba Xamenei bildirib ki, ABŞ regiondakı bütün hərbi bazalarını bağlamalıdır. Onun sözlərinə görə, İran sahillərindən keçən və dünya neft tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazı “düşmənə təzyiq göstərmək məqsədilə” bağlı qalmalıdır.

Bu arada, cümə axşamı Bəsrə limanında iki tanker partlayıcı maddə ilə yüklənmiş qayıqların hücumu nəticəsində yanıb. İraq rəsmiləri hücumlara görə İranı ittiham edir. Hadisə nəticəsində azı bir ekipaj üzvünün öldüyü bildirilir.

Limandan çəkilmiş kadrlarda gəmilərin güclü partlayış nəticəsində alov içində qaldığı görünür.

Bundan bir neçə saat əvvəl Fars körfəzində daha üç gəminin vurulduğu bildirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu hücumlardan ən azı birinə görə məsuliyyəti üzərinə götürərək Tayland bayrağı altında üzən yük gəmisinə zərbə endirildiyini açıqlayıb. Bildirilib ki, gəmi onların göstərişlərinə tabe olmayıb. Digər konteyner gəmisinin isə Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında naməlum mərmi ilə vurulduğu qeyd olunur.


Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı müharibəsi indiyədək təxminən 2 min nəfərin ölümünə səbəb olub. Beynəlxalq Enerji Agentliyi bu münaqişənin qlobal enerji təchizatında tarixdə ən böyük pozuntulardan birinə səbəb olduğunu bildirir.

Eyni zamanda cümə axşamı İranın pilotsuz uçuş aparatlarının Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Oman istiqamətində uçduğu barədə məlumatlar yayılıb.

İranın dəstəklədiyi Livanın “Hizbullah” hərəkatı isə İsraillə müharibədə ən böyük raket hücumlarından birini həyata keçirib. Buna cavab olaraq İsrail Beyrut şəhərinə yeni zərbələr endirib.

Gərginlik fonunda neftin 1 barelinin qiyməti yenidən 100 dollardan yuxarı qalxıb. İran ABŞ və İsrail hücumları dayandırılmayana qədər Hörmüz boğazından neft daşınmasına icazə verməyəcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp isə çıxışında müharibənin qısa müddətdə başa çatacağını və ABŞ-ın qalib gəldiyini iddia edib. Onun sözlərinə görə, ABŞ “İranı demək olar ki, tamamilə məhv edib”, lakin əməliyyatlar hələ başa çatmayıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Избранный
50
1
azvision.az

2Источники