RU

Biabırçılığın əsl səbəbləri üzə çıxdı, o, yaşananları “Sportinfo”ya danışdı!

“Qəbələ”nin “Sabah”a 1:7 hesablı məğlubiyyətindən sonra bölgə təmslçisinin baş məşqçisi Kaxaber Tsxadadze özünə yer tapmırdı.

Darmadağından pərişan olan gürcü çalışdırıcı mətbuat konfransında sualları cavablandırarkən vurğunu bir neçə dəfə bəzi futbolçularn meydanda can qoymamasına vurdu.

Lakin böyük hesablı məğlubiyyətin əsl səbəbini deməkdə çətinlik çəkirdi. Bəlkə də oyundan sonrakı məyusluq ona dərindən düşünmək, nələrisə təhlil etmək, yenilginin səbəblərini üzə çıxarmağa imkan vermirdi.

Oyundan iki gün keçəndən sonra Tsxadadze ilə əlaqə saxladıq.

Təcrübəli çalışdırıcı müəyyən təhlillər aparandan sonra Sportinfo.az-a bunları dedi:

“Mətbuat konfransında isti başla çıxmışdım deyə, detallar barədə çox danışa bilmədim. Bəlkə də həmin andakı əsəbilik buna imkan vermirdi.

Təbii ki, oyunun təkrarına baxdım, analiz elədim. Və məlum oldu ki, “Sabah”a yenilginin arxasında fiziki cəhətdən çatdırmamağımız dayanıb.

Martın 5-də “Sabah”la kubok qarşılaşmasında güclü rəqibə qarşı 80 dəqiqə azlıqda mübarizə apardıq və 3 qol vurduq. Bu, çox böyük qəhrəmanlıq və kifayət qədər güc itkisi idi.

5 gündən sonra “Sabah”a qarşı oynayanda futbolçuların gücü tökənmişdi, itirilən gücü yığa biıməmişdilər. Psixoloji amili də qeyd etməliyəm.

120 dəqiqə mübarizə apar, azlıqda 3 qol vur və penaltilər seriyasında məğlub ol. Bu, həqiqətən ağırdır.

Hiss olunurdu ki, yorğunluqla yanaşı, psixoloji yüklənmə də uşaqların rahat oynamasına mane oldu.

Bir məqamı da qeyd etməliyəm. Qısa müddətdə eyni, həm də güclü rəqibə qarşı bir neçə dəfə oynamaq istər-istəməz oyuna köklənmədə çətinlik yaradır.

Son 1 ayda “Sabah” kimi komandaya qarşı 4 dəfə mübarizə apardıq. Bu, zarafat deyil”.

57 yaşlı mütəxəssis 1:7-nin “Qəbələ”nin əsl gücünü əks etdirmədiyini də sözlərinə əlavə edib:

“Sabah”la əvvəlki matçlarımızdakı nəticələri yada salaq – 0:1, 0:0, 0:1, 3:3. İki dəfə minimal hesabla uduzmuşuq, iki dəfə bərabərə qalmışıq.

Zəif komanda olsaydıq, çempionluq uğrunda mübarizə aparan komanda bizi hər dəfə böyük hesabla udardı. Lakin biz hər matçda layiqincə mübarizə aparmışıq, gücümüzü ortaya qoymuşuq.

İki cəbhədə mübarizə aparmağa hazır deyildik. Buna gücümüz çatmadı.
Yenə də bütün məsuliyyəti üzərimə götürürəm”.

23 turdan sonra aktivində 16 xal olan “Qəbələ” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
71
sportinfo.az

1Источники