RU

İranın müqaviməti müharibəni nə qədər uzadacaq? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Amerika və İran arasında olan münaqişənin mövcud vəziyyətdə bitməsi real görünmür. Çünki bu münaqişə yalnız tərəflərdən birinin geri çəkilməsi halında dayana bilər. Lakin hazırda tərəflərin heç biri geri çəkilmək niyyətində deyil. İranda mövcud hakimiyyət də bütün hücumlara baxmayaraq, artıq təxminən 13 gündür davam edən hava bombardmanlarına rəğmən müqavimətini davam etdirir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ/İsrail-İran müharibəsinin bitmə ehtimalından danışarkən bildirdi.

"Son olaraq İran Prezidenti Məsud Pezeşkian tərəfindən danışıqlarla bağlı müəyyən tələblərin irəli sürülməsi də göstərir ki, İran hakimiyyəti razılaşmaq və ya daha dəqiq desək, Amerikaya təslim olmaq niyyətində deyil. Digər tərəfdən, bu qədər hərbi əməliyyatlar aparan ABŞ-nin də geri çəkilməsi ehtimalı zəif görünür. Ola bilsin ki, müəyyən mərhələdə hücumların intensivliyi azalsın, lakin İranda hakimiyyətin dəyişdirilməsi və ölkənin tam nəzarətə götürülməsi kimi məsələlər gündəmdə qalır. Yəni İranın və onun ətrafındakı regionun nəzarətə götürülməsi ilə bağlı planların olduğu və bu istiqamətdə addımların davam edə biləcəyi ehtimal edilir. Bu baxımdan münaqişənin nə zaman başa çatacağını demək olduqca çətindir", - deyə o vurğuladı.

Müsahibimizin fikrincə, ABŞ Prezidenti Donald Trampın bu mövzuda səsləndirdiyi açıqlamalar iki əsas məqsədə və iki fərqli auditoriyaya hesablanmış ola bilər.

"Birinci auditoriya daxili auditoriyadır. Çünki ABŞ daxilində müharibəyə qarşı çıxan qüvvələr də mövcuddur. Bu həm ictimai rəy səviyyəsində, həm də siyasi elitalar arasında müşahidə olunur. Hətta Trampın mənsub olduğu Respublikaçılar Partiyası daxilində də bu məsələyə münasibət birmənalı deyil: müharibəni dəstəkləyənlərlə yanaşı, buna qarşı olanlar da var. Bu baxımdan Trampın müharibənin tezliklə başa çata biləcəyi və ya artıq böyük ölçüdə başa çatdığı barədə verdiyi açıqlamalar müəyyən mənada daxili auditoriyanı sakitləşdirməyə hesablanmış mesaj kimi də qiymətləndirilə bilər.

İkinci hədəf auditoriya isə beynəlxalq enerji bazarlarıdır. Müharibənin başlanmasından sonra, xüsusilə İranın Hörmüz boğazı ətrafında yaratdığı gərginlik neft qiymətlərinin ciddi şəkildə artmasına səbəb olub. Bu isə faktiki olaraq qlobal enerji bazarlarında müəyyən böhran elementlərinin yaranmasına gətirib çıxarıb. Müharibənin davam etməsi isə qlobal bazarlara mənfi təsiri daha da artırır. Bu baxımdan düşünmək olar ki, Trampın verdiyi bəzi açıqlamalar qlobal bazarları və beynəlxalq enerji birjalarını sakitləşdirmək məqsədi də daşıyır. Çünki Trampın açıqlamaları çox vaxt beynəlxalq maliyyə bazarlarına, o cümlədən neft qiymətlərinə birbaşa təsir göstərə bilir. Buna görə də bu tip açıqlamaları həm də qlobal bazarlara yönəlmiş mesaj kimi qiymətləndirmək mümkündür", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
73
1
redaktor.az

2Источники