RU

Qeyri-neft sektoru ixracında artım meyilləri güclənib

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon dollar təşkil etməsi bunun bariz göstəricilərindəndir

Son illərdə Azərbaycanda aparılan davamlı balanslaşdırılmış iqtisadi siyasətin və islahatların, həmçinin milli iqtisadiyyatın müxtəlif sahələrinin müasir texnologiyalar əsasında inkişafına ciddi önəm verilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı qlobal təhdidlərə qarşı dayanıqlılıq nümayiş etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirib. 

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlətimizin başçısının sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığa dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib.

Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılır. İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Kənd təsərrüfatının inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığa böyük önəm verilməsi ölkə rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin və kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və bu sahədə məşğulluğun artmasına geniş imkanlar yaradıb.

 Ölkəmizdə sənaye parklarının tikintisi ilə bağlı İqtisadiyyat Nazirliyinin apardığı siyasət müsbət nəticə verməkdədir. Bu gün həmin parklarda 10 minlərlə insan işləyir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. 

Son illər ölkəmizdə qeyri-neft sektorunda baş verən ciddi artım nəticəsində ixracda da müəyyən irəliləyiş müşahidə edilib. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon dollar təşkil etməsi bunun bariz göstəricilərindəndir.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 30,5 faiz artaraq 200,6 milyon dollara bərabər olub. İcmala əsasən, cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6 faiz, pambıq iplik 158,7 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 110,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 37,4 faiz, pambıq lifi 33,3 faiz, meyvə-tərəvəz 32,7 faiz, spirtli və spirtsiz içkilər 10,9 faiz, çay 5,1 faiz artıb.

2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6 faiz artaraq 160,9 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 22 faiz artaraq 52,5 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2 faiz artaraq 213,4 milyon dollara bərabər olub.

 Bütün bunların fonunda əminliklə demək olar ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar və güclü dövlət dəstəyi qeyri-neft sektorunun respublikamızın iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi prosesinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”

Избранный
123
ikisahil.az

1Источники