Hazırda iradəmizdən asılı olmayaraq tarixi və taleyüklü günlərdə yaşayırıq. Gözlərimiz önündə yeni dünya düzəmi yaranmaqdadır. Yaxın keçmişdə bir çoxları tərəfindən “dünyanın ikinci ordusu” hesab edilən Rusiya Ukrayna “bataqlığında” ilişib qalıb. Artıq beşinci ildir ki, Rusiya silahlı qüvvələri rəşadətli Ukrayna ordusunun mətin iradəsini qıra bilmir. İran yaxın vaxtlara qədər “Amerikaya ölüm!”, “İsrail yer üzündən silinməldir!” deyə çığır – bağır salırdısa, hazırda ABŞ və İsrailin hərbi təyyarələri, dron və raketləri vasitəsi ilə darmadağın olmaqdadır.
Hətta iki qatı müsəlman ölkələri – Əfqanıstanla Pakistan da öz aralarında haqq – hesab çəkməkdədirlər. Yarandığı vaxtdan həmişə Rusiyanın köləsi hesab edilən, ərazisində Türkiyə və Azərbaycana qarşı təcavüz etmək üçün Rusiya hərbi bazaları saxlayan Ermənistan da öz ərazisindən adı çəkilən ölkənin bazalarının çıxarılmasını tələb edir. Bununla bərabər ərazisindən keçəcək ABŞ prezidenti D.Trampın adı ilə adlanan TRİPT xəttinin açılmasını toy – bayramla gözlədiyini heç gizlətmir də. Hərçənd ki, bu xəttin açılması ilə faktiki olaraq ABŞ-ın Qafqazda həm də faktiki olaraq hərbi iştirak olması heç kəsə sirr deyil. Artıq İranın mollakratiya rejiminin fərasətsiz xarici siyasəti nəticəsində bu ölkə ABŞ və İsrail hərbi hava qüvvələri tərəfindən bombardman edilir. Hakim mollakratiya rejimi isə ABŞ-ın bazalarını bombardman etmə bəhanəsi ilə artıq Oman, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə ilə bərabər Azərbaycana - Naxçıvana da dron zərbəsi endirmişdir.
Aydındır ki, belə gərgin, mürəkkəb vəziyyətdə Azərbaycan kimi kiçik bir ölkənin ayaqda qalması, onun bu keşməkeşli hadisələrdən daha az zərərlə çıxmasından ötrü respublika rəhbərliyindən daha çevik və balanslı, praqmatik və milli maraqlara söykənən rasional xarici siyasət yeritmək tələb olunur. Bu baxımdan razılıq hissi ilə qeyd etməliyik ki, Möhtərəm Prezidentimiz böyük uzaqgörənliklə hələ İrana olan yuxarıda göstərdiyim hücumlardan əvvəl xarici səfərlərdə dünyanın aparıcı dövlət başçıları ilə müvafiq görüşlər keçirmiş, aydındır ki, lazımi nəticələrə nail olunmuşdur.
Göstərilməlidir ki, yaxın qonşu kimi İrana olan münasibətdə Azərbaycan rəhbərliyi Möhtərəm Prezidentimizin özünün də dediyi kimi həmişə maksimum dərəcədə xeyirxah mövqe tutmuşdur. Belə ki, İran hücuma məruz qalanda, martin 2-də Möhtərəm Prezidentimiz İran Prezidenti M.Pezişkiana baş sağlığı vermişdi. Lakin humanist prinsipləri əsas tutan Prezident İ.Əliyev cənabları bununla kifayətlənməyərək İran səfirliyinə də gedərək orada həyatını itirmiş insanların ailə üzvlərinə baş sağlığı vermişdi. Əlbəttə, yaxın keçmişdə, xüsusilə 44 günlük müharibə zamanı açıq –aşkar ermənipərəst mövqe tutan, xalqımıza qarşı ən qəddar düşmənçilik hərəkətləri ilə hətta dünyanın tərəqqipərvər ictimaiyyətini təəccübləndirən ermənilərə həmişə dayaq duran, onlara havadarlıq edən İrana bütün bu xəyanətlərinə rəğmən isti münasibət bəslənildiyi halda qarşı tərəfin belə düşmən hərəkətinə nə ad vermək olar?
Bəli, hər bir səbrin, təmkinin bir həddi var. Ona görə də Möhtərəm Prezidentimizin İranın belə namərd, alçaq hərəkətindən sonra kifayət qədər kəskin şəkildə bəyanat verməsi, onalrı ən kəskin şəkildə ittiham etməsi tamamilə təbii hal kimi qəbul edilməlidir. Ali Baş Komandanımız bu namərd hərəkətlə əlaqədar verdiyi bəyanatda demişdir: “Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyat keçirməyə hazır olmalıdırlar. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Azərbaycan xalqı əmin olmalıdır ki. istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.”
Qəribədir ki, İran kimi dünyanın son dərəcə mühüm həm coğrafi, həm də strateji mövqeyində yerləşən bir ölkəyə başçılıq edən mollakratiyanın hərəkətləri sanki bütün dünyanı özünə düşmən etməkdir. İstər – istəməz düşünməli olursan -artıq dünyanın bütün ölkələri tərəfindən şəksiz surətdə söz sahibi, lider ölkə kimi qəbul edilən ABŞ-la, eləcə də dünyanın idarə edilməsində son dərəcə mühüm rol oynayan yəhudi maliyyə və siyasi dairələrinin özlərinə VƏTƏN saydıqları İsraillə, “böyük yeddilərə” daxil olan Böyük Britaniya, İtaliya və Fransa ilə, nəhayət müsəlman ölkəsi olan Türkiyə ilə də açıq – aşkar qarşıdurmaya gedən bu üzdəniraq mollakratiya rejimi görəsən nə düşünür? Doğrudanmı əlli ilə yaxın bir müddət ərzində 90 milyona yaxın əhalisi olan, şimaldan Xəzər dənizinə, cənubdan Hind okeanına, qərbdən Hörmüz boğazı kimi strateji cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən yerlərə çıxışı olan bir ölkəyə bu qədər fərasətsiz, korafəhim bir insanlar rəhbərlik etmişlər?! Bu baxımdan fevralın 19-da ABŞ Prezidenti D.Trampın şəxsi dəvəti ilə Vaşinqtonda Sülh Şurasının iclasında iştirak etmiş Möhtərəm Prezidentimizin Naxçıvana hücumla əlaqədar olaraq martın 5-də dediyi aşağıdakı sözlər tam təbii qəbul edilməlidir: ”Bu gün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə nə vaxt göstərəcəyik? Bütün bunların müqabilində çirkincə, namərdcəsinə, nakişi kimi Naxçıvana zərbə endirmək?
Bu ləkə onların çirkin və eybəcər sifətindən heç vaxt silinməyəcək.”
Bəli, kifayət qədər sərt və kəskin bəyanatdır. Lakin sual olunur: kimdir günahkar?
Yuxarıda göstərildiyi kimi İranın sistematik olaraq Azərbaycana qarşı alçaq, vicdansız hərəkətlərinə rəğmən Azərbaycan tərəfi əgər həmişə xeyirxah mövqe tutursa, bu o deməkdirmi ki, İran Azərbaycana dronla hücum etməlidir?! Məgər Azərbaycanda, Naxçıvanda da ABŞ-ın, İsrailin hərbi bazaları var?
Burada göstərmək yerinə düşərdi ki, İran rəhbərliyindən fərqli olaraq Azərbaycan rəhbərliyinin yeritdiyi müdrik, uzaqgörən, balanslı siyasət nəticəsində İ.Əliyev cənablarının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində dediyi kimi hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsi ilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Bəli, dogma Azərbaycanımız Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin xarici siyasət sahəsində yeritdiyi müdrik və balanslı, gələcəyə yönəlmiş, xalqın mənafeyini öndə tutan siyasəti nəticəsində dünya ölkələri arasında nüfuzunu artırmaqdadır. Təsadüfi deyildir ki, İranla olmuş insidentdən sonra Türkiyə prezidenti R.T.Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Gürcüstanın baş naziri İ.Kabaxidze, Özbəkistanın prezidenti Ş.Mirziyayev, Qazaxıstanın Prazidenti Q.Tokayev, Latviyanın prezidenti E.Rinkeviçs, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Israilin xarici işlər naziri Gideon Sa,ar, Macarıstanın Baş naziri,Albaniyanın Baş naziri Edi Rama, Qörğızıstanın Baş Naziri, İordaniyanın dövlət başçısı, Ukraynanın Xarici İşlər Naziri və s. Avropa və Asiya ölkələriPrezidentimizə zəng etmiş və onunla həmrəyliklərini bildirmişlər. Əlbəttə, bütün bu faktlar Azərbaycanın dünya miqyasında nüfuzunun necə yüksək səviyyədə olduğunu əyani şəkildə sübut edir.
Heç şübhəsiz ki, İranla olan bu böhranlı vəziyyətdən də respublikamız ləyaqətlə, alnı açıq – üzü ağ çıxmaqla dünya ölkələri arasında özünün güclənməkdə olan mövqelərini daha da gücləndirəcək, bizə “yuxarıdan aşağı baxan”lara yerlərini göstərəcək, nəticə etibarı ilə xalqımızın nurlu sabahlara, işıqlı gələcəyə çıxmasını təmin edəcəkdir.
Faiq Əliyev,
ADNSU, “Humanitar fənlər kafedrası”nın dosenti,
Ülkər Abdullayeva,
ADNSU, Humanitar fənlər kafedrasının baş
müəllimi, fil.ü.f.d.u