RU

Azər Kərimli: “Qlobal Bakı Forumu müasir dünya üçün vacib olan yeni yanaşmaların formalaşdırıldığı nüfuzlu intellektual platformadır”



“Prezident İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu dəyişən dünya nizamında təhlükəsizlik və sabitliyin roluna dair mühüm müzakirələrə ev sahibliyi etdi. Müasir beynəlxalq münasibətlər sistemində gedən proseslər göstərir ki, təhlükəsizlik məsələsi dövlətlərin inkişaf strategiyasında həlledici əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarında yeni gərginlik ocaqlarının meydana çıxması və uzun illər davam edən münaqişələrin hələ də tam həll olunmaması beynəlxalq sabitliyə ciddi təsir göstərir. Belə şəraitdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri milli təhlükəsizlik sistemlərini gücləndirməklə yanaşı, regional sabitliyə töhfə verən əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Bu baxımdan Bakı Forumu qlobal təhlükəsizlik gündəliyinin müzakirə olunduğu mühüm dialoq platforması kimi diqqət çəkir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Azərbaycanın dövlət siyasətində təhlükəsizlik və suverenlik məsələlərinin prioritet yer tutduğunu vurğulayan millət vəkili bu qanunauyğunluğun xüsusilə ölkəmizin son onilliklərdə keçdiyi inkişaf yolunda açıq şəkildə əks olunduğunu bildirib: “2020-ci il Vətən müharibəsi zamanı əldə edilən nəticələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək iradəsini və beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirdi. Forumun açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, bu hadisə yalnız hərbi və siyasi baxımdan deyil, həm də beynəlxalq münasibətlər müstəvisində mühüm presedent kimi qiymətləndirilir. Azərbaycanın suverenliyini təmin etməsi sonrakı mərhələdə regionda yeni siyasi reallıqların formalaşmasına gətirib çıxardı. Münaqişədən sonrakı mərhələdə əsas diqqət sülh gündəliyinin irəli aparılmasına yönəldildi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Son aylarda sərhəd bölgələrində nisbi sabitliyin təmin olunması və qarşılıqlı etimadın tədricən bərpası Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını göstərir. Bu proses sübut edir ki, uzunmüddətli qarşıdurmaların aradan qaldırılması yalnız siyasi iradə və real dialoq vasitəsilə mümkündür. Qlobal miqyasda isə beynəlxalq hüququn rolunun zəifləməsi və bəzi hallarda qəbul olunmuş qaydalara selektiv yanaşma təhlükəli tendensiyalar yaradır. Müxtəlif regionlarda müşahidə olunan münaqişələr göstərir ki, beynəlxalq hüquq normalarına hörmət edilmədikdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü risk altına düşür. Buna görə də müasir beynəlxalq sistemdə hüquqi prinsiplərin qorunması və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan XIII Qlobal Bakı Forumu təkcə müzakirə platforması deyil, həm də müasir dünya üçün vacib olan yeni yanaşmaların formalaşdırıldığı intellektual məkan kimi çıxış edir. Azərbaycanın bu platformaya ev sahibliyi etməsi isə ölkənin beynəlxalq müzakirə və əməkdaşlıq proseslərində artan rolunun bariz göstəricisi kimi qiymətləndirilə bilər. Bu təşəbbüslər regionda sülhün möhkəmləndirilməsi və beynəlxalq sabitliyin gücləndirilməsi istiqamətində mühüm töhfə verməyə davam edir” – deyə, Azər Kərimli açıqlamasını bitirib.



Избранный
59
50
aia.az

10Источники