RU

"Nəticədə rejim süqut edəcək, lakin bu proses daxildən baş verməlidir" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və ABŞ-nin hərbi əməliyyatlarına baxmayaraq, iranlıların öz hökumətlərini devirəcəyinə əmin olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Netanyahu bu açıqlamanı İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra keçirdiyi ilk mətbuat konfransında verib.

“İnsanları suya gətirə bilərsiniz, amma onları su içməyə məcbur edə bilməzsiniz”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, İsrail və ABŞ-nin zərbələri İranda rejim dəyişikliyi üçün şərait yaradır. Onun sözlərinə görə, hava hücumları iranlıların etiraz etmək və küçələrə çıxmaq imkanını genişləndirə bilər.

“Biz bunun üçün optimal şərait yaradacağıq. Dünən etdiyimiz kimi, bu gün də hava hücumları həyata keçiririk ki, iranlılar küçələrə çıxa bilsinlər. Amma əminliklə deyə bilmərəm ki, onlar rejimi devirəcəklər. Hamımız ümid edirik ki, nəticədə rejim süqut edəcək, lakin bu proses daxildən baş verməlidir”, – deyə Netanyahu martın 12-də keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin İranın nüvə silahı hazırladığını iddia edərək ABŞ-lə birlikdə ölkəyə zərbə endirmək üçün tez hərəkət etməli olduqlarını vurğulayıb. Netanyahu bildirib ki, hücumların əsas hədəfi İranın nüvə infrastrukturu olub və zərbələr nəticəsində “çox vacib” nüvə alimlərindən biri öldürülüb. Baş nazir hərbi əməliyyatların gözləniləndən daha yaxşı getdiyini də qeyd edib.

Mətbuat konfransında ona İranın yeni ali lideri Müctəba Xameneinin hədəfə alınıb-alınmayacağı ilə bağlı sual verilib. Netanyahu isə cavabında “Mən heç bir terror təşkilatının lideri ilə həyat sığortası müqaviləsi imzalamazdım” deyə bildirib.

O əlavə edib ki, İsrail İrana qarşı regional ölkələrlə əməkdaşlıq edir və bir neçə həftə əvvəl mümkün olmayan ittifaqlar formalaşır.

Netanyahu həmçinin Livan hakimiyyətini İsrailə hücumlarda İranı dəstəkləyən Hizbullahı tərksilah etməyə çağırıb. O bildirib ki, Livan bunu etməsə, İsrail bunu özü edəcək.

Baş nazir eyni zamanda İsrail Prezidenti İsaak Hersoqa müraciət edərək ona qarşı korrupsiya işi üzrə məhkəmə prosesinin ləğv edilməsini istəyib.

Aminə ŞAHSUVARQIZI

Избранный
16
redaktor.az

1Источники