RU

“Şagirdləri robot kimi görmək olmaz” 9 mart imtahanı narazılıq yaratdı

ain.az bildirir, Azxeber.com portalına istinadən.

9 mart tarixində keçirilən buraxılış imtahanı bəzi şagirdlərin narazılığına səbəb olub. İmtahandan sonra sosial şəbəkələrdə və müxtəlif platformalarda şagirdlər sualların çətin olduğunu, xüsusilə bəzi tapşırıqların proqramdan kənar olduğunu və vaxt baxımından çətin həll edildiyini bildiriblər. Onların sözlərinə görə, imtahanın səviyyəsi əvvəlki illərlə müqayisədə daha ağır olub və bu da nəticələrə təsir göstərə bilər.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a bildirib ki, yaranan bu səs-küy illərdir yığılıb qalan sistem xətalarının bir növ partlayışıdır:

"Yaranan bu səs-küy illərdir yığılıb qalan sistem xətalarının bir növ partlayışıdır. Ölkə mediası bu xəbərlərlə silkələnirsə, deməli, problem artıq fərdi narazılıqdan çıxaraq kütləvi və haqlı etiraza çevrilib. İmtahanın çətinlik səviyyəsi ilə məktəb proqramı arasında keçilməz bir uçurum yaranıb. Biz şagirdə məktəbdə "A”nı öyrədib, imtahanda ondan "Z”ni tələb edə bilmərik. Bu, sadəcə bilik qiymətləndirilməsi deyil, yeniyetmələrin gələcək ümidlərinin və psixologiyasının sınağa çəkilməsidir.

DİM tərəfi hər dəfə "suallar proqrama uyğundur” desə də, kağız üzərindəki riyazi uyğunluq həyatdakı acı reallıqla üst-üstə düşmür. Əgər bir imtahandan sonra kütləvi şəkildə uşaqlar göz yaşı tökürsə, valideynlər çarəsiz qalırsa, burada "standart” axtarmaq yox, yanaşmanı kökündən dəyişmək lazımdır”.

Təhsil eksperti qeyd edib ki, biz robot yox, insan yetişdiririk:

"Şagirdi test laboratoriyasındakı cansız bir subyekt kimi görməkdən əl çəkməliyik. Məsələnin digər tərəfi isə ailələrin üzərinə düşən ağır maddi və mənəvi yükdür. Valideynlər illərlə boğazından kəsərək övladını hazırlıqlara və repetitorlara yönləndirir ki, uşaq imtahanda yaxşı nəticə göstərə bilsin. Lakin imtahan zalında şagirdin qarşısına çıxan süni şəkildə qəlizləşdirilmiş suallar sanki bütün bu illərin əməyini bir neçə saatın içində sıfırlamağa hesablanıb.

Biz təhsili belə bir qorxu mühitinə çevirməməliyik. İmtahan uşağın illərlə topladığı biliyin nümayişi olmalıdır, onun psixoloji dözümünü sınayan və ya onu çıxılmaz nöqtəyə gətirən bir cəza mexanizmi yox”.

Ekspertin sözlərinə görə, imtahanlar artıq şagirdi çətinə salmaq üçün qurulan yarışa bənzəyir:

"İmtahanlar artıq bilik ölçən vasitə deyil, şagirdi ‘ələmək’ və çətinə salmaq üçün qurulan bir maneə yarışını xatırladır. Bu günün şagirdi sabahın mütəxəssisidir. Əgər biz imtahan sualları ilə uşaqların özünəinamını zədələyiriksə, gələcəkdə yaradıcı və özünə güvənən kadrlar gözləməməliyik.

Sistemin əsas vəzifəsi ‘kim daha çox çətinlik çəkəcək’ yarışı yaratmaq deyil, əlçatan və keyfiyyətli təhsili hər bir şagird üçün təmin etməkdir. Bu gün imtahan otağından məyus çıxan hər bir gənc sabah təhsil sisteminə inamını itirmiş bir vətəndaşa çevrilə bilər”.

E.Həsənli vurğulayıb ki, vəziyyət mütləq şəkildə təhlil edilməlidir:

"Bu vəziyyət mütləq şəkildə təhlil edilməli və sualların çətinlik dərəcəsi real tədris mühiti ilə uzlaşdırılmalıdır. Bu narazılıqlar sadəcə bir imtahanın nəticəsi deyil, bütöv bir yanaşmanın yenidən nəzərdən keçirilməsi üçün ciddi bir siqnaldır. Əks halda, biz hər il eyni ssenari ilə üzləşəcəyik: çətin suallar, sarsılmış gənclik və cavabsız qalan fəryadlar”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
azxeber.com

1Источники