RU

Cari ildə Çinin iqtisadi artımının 4,5-5 faiz səviyyəsində olacağı gözlənilir

Bakı, 13 mart, AZƏRTAC

Pekində keçirilən “iki sessiya” zamanı 15-ci beşillik inkişaf planı beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çian hökumətin fəaliyyəti ilə bağlı hesabatında ölkənin 2026-cı il üçün əsas inkişaf hədəflərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 13-də keçirilən brifinqdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bildirib.

Səfir təsdiq edilmiş sənəddə 20 əsas inkişaf göstəricisinin olduğunu, qarşıdakı illər üçün ən vacib strateji hədəflərin sistemli şəkildə müəyyən edildiyini və altı sahədə 109 böyük layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

“Çin planlaşdırması” beynəlxalq ictimaiyyət tərəfindən dövlət idarəçiliyinin ən fərqli və effektiv modellərindən biri hesab olunur.

Çin səfiri bildirib: “Proqram Çinin növbəti beş il ərzində sosial-iqtisadi inkişafı üçün aydın yol xəritəsi yaratmaqla yanaşı, dünyaya əməkdaşlıq üçün imkanlar siyahısını da təqdim edir. Bunlara iqtisadi artımın 4,5-5 faiz səviyyəsində təmin edilməsi, şəhərlərdə 12 milyondan çox yeni iş yerinin yaradılması və istehlak qiymətləri indeksinin artımının təxminən 2 faiz səviyyəsində saxlanılması daxildir. Çinin gözlənilən iqtisadi artım tempi qlobal orta göstəricini üstələyir və dünyanın əsas iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biri olaraq qalır. Bu, qlobal iqtisadiyyatda etimadın və sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək”.

Onun sözlərinə görə, Çin 150-dən çox ölkə və region üçün əsas ticarət tərəfdaşıdır və ardıcıl 17 ildir ki, dünyanın ikinci ən böyük idxal bazarı olaraq qalır.

Избранный
44
2
azertag.az

3Источники