RU

TRAMP İRANI VURUB, PUTİNİ “CƏNNƏTƏ SALDI”... ABŞ Prezidenti İranı vurmaqla kimin “əlinə oynadı”?

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Trampın nitqi kimi nizamsız, rabitəsiz və başıpozuq xarici siyasəti öz “töhfələrini” verməkdə davam edir. İrana qarşı düzgün hesablanmayan, düşünülməmiş, beynəlxalq hüquqa tamamilə zidd avantüra xarakterli təcavüz əməliyyatı İranla yanaşı həm bütün region ölkələrinə, həm dünya iqtisadiyyatına, həm beynəlxalq nizama, həm də Trampın öz administrasiyasına ciddi zərbələr vurur.

Aşkar strateji uğursuzluğun göz önündə olmasına baxmayaraq, Tramp İranla bağlı özünə və tərəfdarlarına “təskinlik verməkdə” davam edir. Ancaq məsələn, ABŞ-nin Energetika naziri Kris Rayt etiraf edib ki, hazırda ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı vasitəsilə neft nəqlinin, tankerlərin hərəkətinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu, ABŞ-nin acizliyinin açıq etirafıdır. Tramp bundan öncə məhz belə bir təkliflə, iddia ilə çıxış ertmişdi ki, ABŞ hərbçiləri Hörmüzdə təhlükəsizliyi təmin etsinlər.

Eyni zamanda, Demokrat senatorlar Konqresdəki qapalı dinləmələrdən sonra ABŞ administrasiyasının çaşqınlıq içində olduğunu və heç bir normal gələcək planının olmadığını bəyan edirlər.

Nəticədə, xüsusilə də neft bazarında yaranmış vəziyyətdən ən çox udan iki ölkə var: Rusiya və İranın özü. 

İran hazırda neft satışını artıraraq, bu göstəricidə ağır vəziyyətə düşmüş körfəzin ərəb ölkələrini keçib. Ən qəribəsi də odur ki, Tramp bunun qarşısını almaq əvəzinə, məcburən İranın neft satışını artırmasında maraqlıdır. Hətta ABŞ Prezidenti İsrailə xəbərdarlıq edib ki, İranın neft infrastrukturunu vurmasın. Çünki bu, İranın neft satışını azalda və dünyada neft qiymətlərini daha da artıra bilər. 

Beləliklə, dünya siyasətində axmaq və absurd hərəkətlərin hansı nəticələrə gətirib çıxardığı Trampın düşdüyü gülünc vəziyyətin timsalında açıq-aydın görünür…

Trampın “dahiyanə” siaysətinin hazırda daha bir əsas benefisiarı əlbəttə ki, Putin Rusiyasıdır. Çünki Tramp Rusiya neftinə də “yaşıl işıq” yandırmaq məcburiyyətində qalıb. Neft gəlirləri artan işğalçı dövlət isə hazırda Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün əlavə mənbə tapmış olub. Cəmi iki həftə əvvəl Putin sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatının ciddi təzyiq altında olduğunu bildirirdi, bu gün isə neftdən aktiv şəkildə mənfəət əldə edir. Hazırda Rusiyanın “Urals” neftinin qiyməti nəinki artıb, həm də Rusiyanın sanksiyalar səbəbindən təklif etməyə məcbur olduğu endirimlər ləğv edilib, bu da Kremlə və onun Ukraynaya qarşı işğalına əlavə maliyyə dəstəyi gətirib.

Beynəlxalq Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatına görə, Rusiyanın neft gəlirləri ötən il 18% azalıb və yanvar ayında azalmağa davam edib. Qeyd olunur ki, müharibənin əvvəlindən başlayan sanksiyalar Rusiya iqtisadiyyatına real təzyiq yaradıb və bu ilin əvvəlində həmin təzyiqin təsiri pik həddə çataraq, real nəticələr verməyə başlayıb. İndi isə belə görünür ki, Tramp Kremlin düşdüyü bu ağır vəziyyətdə İrana hücum etməklə Rusiyanın köməyinə çatıb…

Bu müddət ərzində Hindistan və Çin Rusiya neftinin ən böyük istehlakçıları olub, lakin fevral ayında ABŞ-nin Hindistana təzyiqi Moskvaya ciddi zərbə vurub. Ancaq ötən həftə ABŞ Hörmüz boğazının bağlanması və neftə tələbatın artması səbəbindən Hindistana tətbiq etdiyi Rusiya neftilə bağlı məhdudiyyətləri götürməli oldu və vəziyyət kəskin şəkildə Kremlin xeyrinə dəyişməyə başladı.

Bundan əlavə, Yaxın Şərqdəki müharibə səbəbindən Fars körfəzindən Çinə neft tədarükü dayandırılıb. Çin də neft üçün Rusiyaya üz tutmalı olub, ondan neft alışını artırıb və Kreml təbii ki, bundan faydalanır. Beləliklə, Rusiya həm neft satışı həcmlərini, həm də qiymətləri artırır. Belə çıxır ki, Tramp İranı vurub Putini “cənnətə salıb”.

Son iki həftə ərzində Rusiyanın neft gəlirləri 17%, şimaldakı limanlarından neft ixrac isə 24% artıb. İranla müharibənin doqquzuncu günündə Rusiyanın “Urals” markalı xam neftin qiyməti bir barel üçün 100 dolları keçib. Doğrudur, sonradan qiymətlər bir qədər endi. Buna baxmayaraq, hazırda Rusiya nefti təxminən 87 dollara satılır. Kreml iki həftə əvvəl bu qiyməti yatıb yuxusunda da görə bilməzdi…

Ötən il Volodimir Zelenskini Ağ Evdə aşağılamağa çalışan Tramp öz qumarxana əxlaqından çıxış edərək özünü bacarıqlı qumarbaz kimi göstərib, Ukrayna Prezidentinin əlində “kozır” olmadığını demişdi. İndi isə onun özünün əli boş görünür və sanki bu qumarda kimin əlinə və xeyrinə oynadığını heç özü də bilmir, başa düşmür…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
azpolitika.info

1Источники