RU

Süni intellekt işləri düz getmir - Mütəxəssis

Məlumat verilib ki, Parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda ictimai dinləmə keçirilib. Düzü, əvvəl elə başa düşmüşdüm ki, burada süni intellektlə bağlı hansısa qanun layihəsi və ya yeni təşəbbüslər müzakirə olunur. Sonradan məlum oldu ki, əsasən aqrar sahədə hazırlanmış süni intellekt həllərinin deputatlara təqdimatı təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, aqrar sektorda 30-dan çox süni intellekt modulu hazırlanıb.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri İKT üzrə mütəxəssis Osman Gündüz bildirib. Osman Gündüz qeyd edir ki, əlbəttə, nazirliyin aqrar sektorun inkişafına dəstək məqsədilə bu qədər rəqəmsal modulun hazırlaması təqdirəlayiqdir:
"Amma burada sual yaranır: seçilən format doğrudanmı məqsədəuyğundur?
Doğrudanmı peşəkar qanunvericilik fəaliyyəti ilə məşğul olan deputatlar üçün sırf aqrar yönümlü, heyvandarlıq, bitkiçilik, pestisidlər və torpaq analizləri və aqrar proseslərlə bağlı rəqəmsal modulların texniki təqdimatı əsas müzakirə mövzusu olmalıdır? Düşünürəm ki, bu sahədə yanaşmaları dəyişmək lazımdır. 
Bir müddət öncə Prezidentin sədrliyi ilə keçirilən “rəqəmsal arxitektura” müşavirəsində qoyulan tələblər tam başqa məntiqə əsaslanır. Yeni qəbul edilən Fəaliyyət Planında da fərqli yanaşmalar göstərilib.
Məhz sektorda koordinasiyanı təmin etmək və bu tip problemləri aradan qaldırmaq üçün Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Bu baxımdan daha məntiqli olardı ki, Kənd Təsərrüfatı Nazirliyi qanun istehsal edən deputatlarla deyil, süni intellekt həlləri yaradan biznes, startaplar, tədqiqat mərkəzləri və texnoloji icmalarla görüşlər keçirsin".

Mütəxəssis bildirir ki, gözlənti odur ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən RİNN biznes və startapları, texnoloji icmanı bir araya gətirməli, KTN-ə məxsus RƏQƏMSAL HƏLLƏRİ deyil,  ona məxsus  DATALARI təqdim etməlidir:
"Bəli, indiki anda ən doğru və məntiqlisi o olardı ki, KTN aqrar sahədə topladığı datasetləri biznes və startaplar üçün açsın. Öz problemlərini, sektorun inkişafı üçün zəruri ehtiyaclarını  təqdim etsin.  
Amma görünən odur ki, bu məlumatlardan əsasən yalnız dövlət qurumunun özü istifadə etməyə çalışır.
Gözlənti bu idi ki, Rəqəmsal İnkişaf Şurası prosesi koordinasiya edəcək, KTN-in məlumatlarını texnologiya və süni intellekt icmasına təqdim edəcək, həmçinin AzInTelecom və İN-nin Siperkompüter Mərkəzlərinin resurslarına çıxış imkanları yaradılacaq".

O.Gündüzün sözlərinə görə, dünyada və regionda bu sahə məhz belə inkişaf edir:
"Məsələn, Qazaxıstan hökuməti 200-dən çox dövlət datasetini açaraq startap və şirkətlər üçün açıq platforma yaradıb. IT komandaları bu məlumatlardan istifadə edərək yeni süni intellekt həlləri hazırlayır. Dövlət isə bu prosesdə xidmət təminatçısı rolunu oynayır.
Qlobalda AgroTech siyasəti  məhz dövlət məlumatları +İT biznes+ startap ekosistemi + açıq innovasiya modeli üzərində inkişaf edir.
Amma bizdə hələlik dövlət datası+dövlət sektoru+dövlət şirkətləri modeli daha çox gözə çarpır. Bu səbəbdən, indiki anda  düşünürəm ki , süni intellektlə bağlı ən vacib məsələ Parlamentdə təqdimat və ya dinləmələr olmalı deyil.
Əsas məsələ data, hesablama resursları və bazara çıxışdır.
Regionda rəqabətin artdığı bir dövrdə real nəticə əldə etmək üçün ən doğru addım dövlətə məxsus  datalarını açmaq, biznes və startapları prosesə cəlb etmək və texnologiya icması ilə əməkdaşlıq qurmaqdır.
Ümid edirəm ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən RİNN bu məsələlərin fərqindədir".

Избранный
38
ucnoqta.az

1Источники