RU

Xameneidən İLK HƏDƏ bəyanatı – Müharibə daha amansız FAZAYA keçir?

İranın yeni ali lideri Müctəba Xamenei xalqa və beynəlxalq ictimaiyyətə ilk rəsmi müraciətini edib. Onun adından yayılan mətndə dini lider ABŞ və müttəfiqlərinə qarşı hərbi ritorikanı daha da sərtləşdirərək, regiondakı bütün Amerika bazalarının dərhal bağlanmasını tələb edib və yeni cəbhələrin açıla biləcəyi ilə hədələyib.

Şəhidlərin qanı üçün qisas almaqdan imtina etməyəcəyini bildirən Xamenei ölkədə daxili birliyi qorumağın hazırkı şəraitdə ən böyük vəzifə olduğunu vurğulayıb. Qeyd edib ki, Hörmüz boğazının bloklanması rıçağından düşmənə təzyiq vasitəsi kimi istifadəyə davam edilməlidir və bu strateji boğaz qlobal enerji bazarları üçün bağlı qalacaq.

Müctəba Xamenei, həmçinin, düşmənin təcrübəsiz və zəif olduğu yeni ərazilərdə əlavə cəbhələrin açılması üçün araşdırmalar aparıldığını və hərbi zərurət yaranarsa, bu nöqtələrin dərhal aktivləşdiriləcəyini diqqətə çatdırıb. Regiondakı bütün ABŞ hərbi bazalarının dərhal qapadılmalı olduğunu, əks halda bu obyektlərin raket və dron hədəfinə çevriləcəyini bəyan edən ali rəhbər müharibənin vurduğu ziyana görə düşməndən mütləq kompensasiya alınacağını deyib. “Əgər onlar təzminat ödəməkdən imtina etsələr, biz onların regiondakı aktivlərindən lazım bildiyimiz qədərini götürəcəyik, bu mümkün olmazsa, həmin dəyərdə əmlaklarını məhv edəcəyik” deyən Xameneyi, qonşu ölkələri sakitləşdirməyə çalışaraq hədəflərinin yalnız Amerika bazaları olduğunu iddia edib.

Az öncə onun adından belə bir məlumat da yayılmışdı ki, Xamenei nüvə proqramını dayandırmağa yönəlmiş bütün beynəlxalq müqavilələri ləğv etmək əmrini verib...

Ancaq bəllidir ki, uranın zənginləşdirilməsi məsələsi hazırkı müharibənin üç səbəbindən biri və birincisidir. Odur ki, sual yaranır: İranın sərt ritorikası nə qədər sürə bilər? Varis Xamenei köhnə kursu davam etdirə biləcəkmi? Ümumiyyətlə, ilk bəyanat nəyin anonsudur?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib yeni ali dini lider Müctəba Xameneinin adından yayılan yazılı bəyanatın sərt ritorikaya əsaslanması İranın ənənəvi siyasi xəttinin davam etdiriləcəyinə dair ilkin siqnal kimi qiymətləndirilə bilər: “Lakin bu ritorikanın nə qədər davamlı olacağı və real siyasətdə hansı dəyişikliklərin baş verəcəyi hələ açıq sual olaraq qalır. İranın hazırkı geosiyasi vəziyyətində əsas mübahisə mövzularından biri ölkənin nüvə proqramıdır. Xüsusilə uranın zənginləşdirilməsi məsələsi son illərdə İranla Qərb dövlətləri arasında gərginliyin əsas səbəblərindən birinə çevrildi və müharibəyə gətirib çıxardı. Bu məsələ yalnız texnoloji və ya enerji siyasəti ilə bağlı deyil, həm də İranın regional təsir imkanları, təhlükəsizlik strategiyası və beynəlxalq sistemdəki mövqeyi ilə birbaşa əlaqəlidir. Bu səbəbdən yeni ali liderin ilk bəyanatında sərt mövqenin nümayiş etdirilməsi daha çox daxili siyasi sabitliyi qorumaq və hakimiyyətin ideoloji davamlılığını göstərmək məqsədi daşıyır.

Müctəba Xamenei uzun illər ərzində İranın hakim siyasi elitası daxilində təsirli fiqurlardan biri hesab olunub. Onun təhlükəsizlik strukturları və xüsusilə ideoloji qanadla yaxın əlaqələri olduğu barədə məlumatlar mövcuddur. Bu baxımdan onun hakimiyyətə gəlişi sistem daxilində radikal dəyişiklikdən çox, mövcud siyasi modelin davamı kimi görünür. Lakin yeni liderin qarşısında duran əsas problem dəyişən regional və beynəlxalq şərtlərdir. Yaxın Şərqdə artan hərbi gərginlik, sanksiyalar nəticəsində zəifləyən iqtisadiyyat və cəmiyyət daxilində sosial narazılıqlar İran rəhbərliyini daha çevik siyasət yürütməyə məcbur edə bilər”.

Politoloqa görə, yeni liderin sərt ritorikası müəyyən mənada “keçid dövrü mesajı” kimi də şərh edilə bilər: “Belə bəyanatlar adətən hakimiyyətin zəif görünməməsi və siyasi sistemin sabitliyinin qorunduğunu nümayiş etdirmək üçün istifadə olunur. İran siyasi sistemində ali lider yalnız dini və ideoloji rəhbər deyil, həm də dövlətin təhlükəsizlik strategiyasının əsas müəyyənedicisidir. Buna görə də ilk müraciətin sərt olması daha çox siyasi iradənin nümayişi və daxili elitalara verilən mesaj kimi qiymətləndirilə bilər.

Xameneinin ilk bəyanatı daha çox siyasi xəttin davamlılığına dair simvolik mesaj kimi görünür. Bu çıxış İranın nüvə proqramından geri çəkilməyəcəyini və mövcud strateji kursun formal olaraq dəyişmədiyini göstərir. Lakin yaxın aylarda ölkənin real siyasəti daha çox iqtisadi vəziyyət, regional təhlükəsizlik və beynəlxalq təzyiqlərin səviyyəsi ilə müəyyən olunacaq. Buna görə də sərt ritorikanın davamlı olub-olmayacağı yeni liderin ideoloji mövqeyindən daha çox İranın qarşılaşdığı geosiyasi reallıqlardan, müharibənin gedişatından asılı olacaq”.

Y.Bağırzadə onu da əlavə edib ki, sərt ritorika uzun müddət real siyasətin dəyişməz qalacağı anlamına gəlmir: “İran tarixində dəfələrlə müşahidə olunub ki, rəsmi bəyanatlarda ideoloji mövqe qorunsa da, praktiki diplomatiyada daha praqmatik addımlar atılır. Xüsusilə iqtisadi sanksiyaların təsiri və regional balansın dəyişməsi Tehranı müəyyən mərhələdə danışıqlara və kompromislərə yönəldə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
51
musavat.com

1Источники