RU

Son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb



Milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilmiş, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada çoxsaylı böyük uğurların əldə olunmasına şərait yaratmışdır.
Keçən il biz 44 günlük Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünü qürurla qeyd etmişik. Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanmış sülh prosesinin institusional əsaslarını möhkəmləndirən, Cənubi Qafqazda yaranmış yeni reallıqları təsbit edən Vaşinqton razılaşmaları dövlətimizin növbəti diplomatik uğuru olmuşdur.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib. Spiker qeyd edib ki, həyata keçirilən müstəqil və düşünülmüş xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmişdir:

"Bizim dövlətimiz regional və qlobal məsələlərin həllində fəal iştirak etmiş, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr vermişdir.

Azərbaycanın 8 böyük müsəlman ölkəsini birləşdirən D-8 beynəlxalq təşkilatına qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tam hüquqlu üzvü olması böyük tarixi nailiyyətlərdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə Görüşü dövlətimizin siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü isə türk dünyasının inteqrasiyası yolunda mühüm addım olmuşdur".

MM sədrinin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində də böyük uğurlar əldə edilmişdir:

"Həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iri miqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Sənaye və energetika sektorlarında modernləşdirmə davam etdirilmiş, iqtisadiyyatın qeyri-neft-qaz sahələri daha da genişləndirilmişdir. Nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal transformasiya, turizm və innovasiyalar sahəsində önəmli tədbirlər görülmüşdür.

Son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanmışdır. Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir.

2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilmişdir. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunmuş, sosial müdafiə tədbirləri genişləndirilmiş, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılmışdır".

Sahibə Qafarova qeyd edib ki, ötən il ümumi daxili məhsulun artımı davam etmiş, ölkənin strateji valyuta ehtiyatları 20 faizə yaxın artaraq 85 milyard ABŞ dollarını ötmüşdür:

"Bu da məmnunluqla qeyd edilməlidir ki, iqtisadi artım qeyri-neft-qaz sektorunda daha yüksək olmuş, iqtisadiyyata yönələn investisiyaların təqribən 75 faizi də bu sahənin payına düşmüşdür.

2025-ci ildə biznes və investisiya mühitinin yaxşılaşdırılması, institusional islahatların aparılması, korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilmişdir.

Ötən ilin dövlət büdcəsinin icrasında da müsbət nəticələr əldə edilmişdir. Biz 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bu məsələləri ətraflı müzakirə edəcəyik.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi kursun həyata keçirilməsində Nazirlər Kabineti mühüm rol oynayır. Hökumətin səmərəli fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı vəzifələrin uğurla yerinə yetirilməsini təmin edir.

Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına şərait yaradır, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakını təmin edir.

Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təklif və tövsiyələr, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təklif və tövsiyələrin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir.

Eyni zamanda, artıq 6 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrasına dair məlumat da daxil edilir.
Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirədə fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər".

Süleyman
Избранный
5
1
newscenter.az

2Источники