İranın Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirməsi regiondakı təhlükəsizlik balansını ciddi şəkildə dəyişdirən amillərdən biridir. Bu cür hücumlar təkcə ABŞ qüvvələrini deyil, həmin bazaların yerləşdiyi ölkələrin özlərini də birbaşa təhlükə altına qoyur. Siyasi analitiklərin fikrincə, məhz buna görə də müharibədən sonra Körfəz dövlətləri ərazilərində ABŞ hərbi bazalarının çıxarılması və ya ancaq müdafiə məqsədli hərbi bazaya çevrilməsi məsələsini qaldıra bilərlər.

Artıq sözügedən dövlətlərin daxilində bu istiqamətdə fikirlər dilə gətirilməyə başlayıb. Sadəcə hələlik rəsmi deyil, ictimai formatlı müzakirələrdə səsləndirilir. Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və Küveyt uzun illərdir ABŞ-la təhlükəsizlik əməkdaşlığı qurublar və regionda ABŞ bazalarının yerləşdirilməsinə razılıq veriblər. Bu bazalar İranın və digər rəqib dövlətlərin təsirinə qarşı əsas çəkindirici faktor hesab olunurdu. Lakin İranın raket hücumları göstərir ki, ABŞ bazalarının mövcudluğu həmin ölkələri avtomatik olaraq mümkün qarşıdurmanın bir hissəsinə çevirir, ölkələr üçün risk yaradır. Bu səbəbdən region dövlətləri üçün əsas sual yaranır: ABŞ bazaları təhlükəsizlik təmin edir, yoxsa əksinə təhlükəni artırır? Bəs ABŞ bazalarının çıxarılması tələbi mümkündürmü?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, teorik olaraq belə bir tələb mümkündür, lakin bunun real həyata keçməsi mürəkkəbdir:
“Körfəz ölkələrindəki monarxiyaların əksəriyyəti hərbi baxımdan ABŞ-dən asılıdır. Hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatları, logistika və texniki dəstək əsasən ABŞ tərəfindən təmin olunur. ABŞ bazalarının çıxarılması bu ölkələrin müdafiə imkanlarını zəiflədə bilər. Ona görə də paradoksal vəziyyət yaranır: İranın hücumları ABŞ bazalarını riskə çevirsə də, eyni zamanda, İranın regional gücü həmin ölkələri yenə də ABŞ təhlükəsizlik çətiri altında qalmağa vadar edir. ABŞ bazalarının çıxarılması yalnız o halda real ola bilər ki, Körfəz ölkələri yeni təhlükəsizlik arxitekturası yaratsınlar. Bu isə ya regional kollektiv müdafiə sistemi, ya da Çin və ya Avropa kimi digər güclərlə yeni hərbi əməkdaşlıq tələb edir”.

Ekspert hesab edir ki, müharibə başa çatdıqdan sonra ən real ssenari ABŞ bazalarının tam çıxarılması deyil, onların fəaliyyətinin məhdudlaşdırılması və siyasi balans siyasətinin gücləndirilməsi ola bilər:
“ABŞ qüvvələrinin sayının azaldılması, bazaların hücum əməliyyatları üçün deyil, yalnız müdafiə məqsədləri üçün istifadəsinə müvafiq təminat verilməsi kimi addımlar daha mümkün variantdır”.
Etibar Seyidağa,
Musavat.com