RU

Universitetlərə qəbul üçün subbakalavr qaydası

Azərbaycanda təhsil sisteminin pilləli strukturunda subbakalavr institutu orta ixtisas və ali təhsil arasında mühüm keçid mexanizmi və peşəkar kadr hazırlığı platforması kimi çıxış edir.

Bu institutun əsas mahiyyəti tam orta təhsil bazasından kolleclərə qəbul olunaraq müvafiq ixtisas proqramını mənimsəmiş şəxslərə "subbakalavr" peşə-ixtisas dərəcəsinin verilməsidir. Müasir təhsil islahatları nəticəsində subbakalavr dərəcəsi alan məzunlar üçün əmək bazarında rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, akademik yüksəliş üçün də geniş qapılar açılmışdır.

Xüsusilə son illərdə tətbiq edilən hüquqi tənzimləmələr subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu prosesini əhəmiyyətli dərəcədə sadələşdirmişdir. Hazırda bu statusa malik şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmədən, birbaşa müsabiqə yolu ilə universitetlərə qəbul olmaq hüququna malikdirlər.

Bu prosesdə əsas meyar kimi subbakalavrın orta ixtisas təhsili müəssisəsində topladığı Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) və ya diplom balı əsas götürülür.

Subbakalavrların ali təhsilə keçidində ən kritik məqamlardan biri ixtisas uyğunluğu məsələsidir. Qanunvericiliyə əsasən, məzunlar yalnız bitirdikləri orta ixtisas istiqamətinə müvafiq olan bakalavr proqramlarını seçə bilərlər.

Bu sistem təhsilin kəsilməzliyi prinsipini qorumaqla yanaşı, tələbənin seçdiyi sahə üzrə daha dərindən ixtisaslaşmasına xidmət edir. Məsələn, tibb bacısı işi üzrə subbakalavr dərəcəsi alan şəxs biologiya və ya müvafiq sahələr üzrə ali təhsilini davam etdirə bildiyi kimi, müəllimlik və ya mühəndislik istiqamətləri üzrə kollec bitirənlər də öz sahələrinə uyğun fakültələrə müraciət edirlər.

Bununla yanaşı, subbakalavr dərəcəsi almış şəxslərin dövlət sifarişi əsasında ali təhsil almaq hüququnun saxlanılması sosial ədalət prinsipinin qorunmasına və istedadlı gənclərin stimullaşdırılmasına kömək edir. Belə ki, kollecdə ödənişsiz əsaslarla oxuyan şəxs, universitet müsabiqəsində yüksək göstərici nümayiş etdirərək yenidən pulsuz təhsil almaq imkanı qazanır.

Sosial-iqtisadi baxımdan subbakalavr institutu əmək bazarının operativ kadr tələbatını ödəyən çevik bir sistemdir. Ali təhsildən fərqli olaraq, burada təhsil müddəti daha qısadır və proqramlar daha çox praktiki vərdişlərin aşılanmasına yönəlmişdir.

Bu da gənclərin erkən yaşda peşə sahibi olmasına və iqtisadi müstəqillik qazanmasına şərait yaradır. Xüsusilə regionlarda fəaliyyət göstərən kolleclər yerli sənaye və xidmət sahələri üçün orta manqalı mütəxəssislərin yetişdirilməsində strateji rol oynayır.

Subbakalavr institutunun inkişafı həm də universitetlərdəki sıxlığın idarə olunmasına və təhsilin kütləviləşməsi fonunda keyfiyyətin qorunmasına müsbət təsir göstərir. Beləliklə, bu sistem Azərbaycanda peşəkar təhsilin nüfuzunu artırmaqla yanaşı, fərdlərin həm əmək bazarında, həm də akademik mühitdə özlərini reallaşdırması üçün effektiv bir modelə çevrilib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi vurğulayıb ki, subbakalavr pilləsinin tətbiqi, kollec və peşə məktəblərini yüksək göstəricilərlə bitirən tələbələr üçün müsbət imkanlar yaradır:

“2012-ci ildən etibarən, tələbələr orta-ixtisas təhsil müəssisələrini bitirdikdən sonra, onların diplomlarında subbakalavr ixtisas dərəcəsinin verilməsi əks olunmağa başlandı. Bu, bakalavrın bir alt pilləsi olaraq düşünülür.

Nazirlər Kabinetinin müvafiq qərarı əsasında, 2016-2017-ci tədris ilindən subbakalavrların ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştiraklarına icazə verilir. Son illər isə demək olar ki, bütün ixtisas qruplarında orta-ixtisas təhsil müəssisələrini bitirən tələblərlə yanaşı, yüksək texniki-peşə məktəblərindən gələn şəxslərin də prosesə qatıldığını görürük.

Burada başlıca şərt ondan ibarətdir ki, tələblərin akademik göstəriciləri və təhsil aldıqları müddət ərzində ümumi ortalamaları yüksək olsun. Bəzi ixtisaslarda ümumi ortalama göstəriciləri 65-70 bal kifayət edirsə, bəzilərində 90-95 bal tələb olunur.

Əvvəllər kollecləri bitirən şəxslərin işlə təmin olunması ciddi problem idi. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Lakin bu qərardan sonra həm orta-ixtisas, həm də peşə-təhsil müəssisələrinə maraq xeyli artdı.

Tələbələr həmin təhsil müəssisələrini yüksək göstəricilərlə bitirdikdən sonra, müvafiq olaraq universitetlərdə təhsil alıb, iş imkanlarını bir qədər yaxşılaşdıra bilirlər. Bu da əmək bazarında bəzi ixtisas istiqamətləri üzrə çatışmazlıqların tədricən aradan qalxmasına imkan yaratmış olur”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Избранный
1
yenisabah.az

1Источники