RU

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vuruldu - FOTO

BAKI, 13 mart. TELEQRAF

11-13 mart 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 14 komandasından 45-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb.

Çempionat Zaur Mikayılovun baş hakimliyi ilə keçirilib.

Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib, stolüstü yarışda qalib gələn qurumları və əməkdaşları təbrik edib.

Üç gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb. Yarışın əzmkar komandası adına Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası yiyələnib.

Şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov çempion adını qazanıb. İkinci yerə “İzotop” xüsusi kombinatın əməkdaşı İqbal Poladov, üçüncü yerə isə FHN-in Akademiyasının əməkdaşı polkovnik-leytenant Elman Əbilov layiq görülüb. Yarışda veteran oyunçu “İzotop” xüsusi kombinatın əməkdaşı Məmmədbağır Həsənov fəxri fərmanla təltif edilib.

Mərasimdə qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatda hakimlik xidmətlərinə görə Azərbaycan Stolüstü Tennis Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri tibbi xidmətlərə görə Nazirliyin Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Избранный
36
1
teleqraf.com

2Источники