RU

Torpaq sahəsi, yoxsa velosiped zolağı - deputatdan ilginc ÇIXIŞ

Deputat Vasif Qafarov Milli Məclisdə hökumətin hesabatı ilə bağlı müzakirələrdə çıxış edərək təmsil etdiyi Lerik və Astara rayonlarının problemlərindən danışıb.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsas etibarilə bu rayonların meşə fondu ərazilərində yerləşir:

“Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb. Bu da bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və bölgənin böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzəzə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm”.

Picture

V.Qafarov 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürüldüyünü söyləyib:

“Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə  verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb".

Deputat qeyd edib ki, Lerik rayonunda mövcud olan 3 Ailə Sağlamlıq Mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır:

“Digərləri isə demək olar ki, hamısı istismar müddətləri başa çatmış binalardır və qəzalı vəziyyətdədirlər. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Həmçinin, Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hansısa bir idman mərkəzinin olmaması, Lerik şəhər stadionunun da istifadəyə yararsız halda olması qəbullarda vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlər sırasında yer alır. Hörmətli Baş nazirdən növbəti illərin investisiya proqramlarında bu məsələlərin diqqətdə saxlanılmasını xahiş edirəm. Bütövlükdə hökumətin hesabatını təqdir edirəm və dəstəkləyirəm”.

E.Paşasoy,
Musavat.com

Избранный
65
3
musavat.com

6Источники