RU

Qubada kvadrosikl qəzası ölümlə nəticələnib

Bakı, 13 mart, AZƏRTAC

Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrosikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrosikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə edilməməsi həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

“Nəzərə alınmalıdır ki, kvadrosikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə edilməsi sürücü üçün yüksək risk yaradır. Eyni zamanda, xatırladılır ki, kvadrosikllərin ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər. Adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məlumatda vurğulanıb.

Избранный
11
21
azertag.az

10Источники