RU

"Avropa ilə münasibətlərin gündəliyi çoxşaxəlidir" - Millət vəkili

"Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüşlər Aİ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu görüşlər siyasi dialoqun intensivliyini, iqtisadi əməkdaşlığın miqyasını və enerji təhlükəsizliyi sahəsində qarşılıqlı maraqların daha da genişləndiyini göstərən mühüm hadisə kimi diqqət çəkir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentarinin sözlərinə görə, dövlətimizin başçısının bəyanatında qeyd olunduğu kimi, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.

"Son illərdə Avropa Komissiyasının üzvlərinin Bakıya ardıcıl səfərləri, yüksək səviyyəli dialoqun davamlı xarakter alması və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi bu əməkdaşlığın dinamik inkişafını təsdiqləyir. Xüsusilə ticari göstəricilər Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlardan biri olduğunu göstərir. Cari ilin yanvar ayında ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə əlaqəli olması tərəflər arasında iqtisadi əməkdaşlığın real nəticələrini əks etdirir.

Avropa ilə münasibətlərdə ən mühüm istiqamətlərdən biri enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanmasından sonra daha da intensiv xarakter alıb. Həmin sənəd Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Hazırda Avropa İttifaqına üzv 10 dövlət Azərbaycan qazını qəbul edir və ümumilikdə 16 dövlət boru kəmərləri vasitəsilə qaz təchizatından faydalanır. Bu göstərici boru kəməri ilə qaz təchizatı üzrə dünya miqyasında aparıcı mövqelərdən birini nümayiş etdirir. Enerji ixracının genişlənməsi yalnız iqtisadi əməkdaşlığın artmasına deyil, həm də Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Enerji tərəfdaşlığının əsas platformalarından biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən illik toplantılardır. Bu platforma enerji siyasətinin koordinasiyası, yeni layihələrin müzakirəsi və Avropa bazarına qaz tədarükünün genişləndirilməsi baxımından mühüm rol oynayır.

Son illərdə qaz hasilatının artırılması istiqamətində həyata keçirilən layihələr gələcək illərdə ixrac potensialının daha da genişlənəcəyini göstərir. Yeni yataqlardan hasilatın başlanması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlərlə müqayisədə əlavə olaraq minimum 10 milyard kubmetr qazın bazara çıxarılması planlaşdırılır. Bu isə Avropanın enerji təchizatında alternativ və etibarlı mənbə rolunun daha da güclənməsi deməkdir.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Külək, günəş və su elektrik enerjisi layihələri üzrə həyata keçirilən investisiyalar yaxın illərdə böyük enerji potensialının formalaşmasına şərait yaradacaq. Qarşıdakı beş-altı il ərzində ixrac üçün nəzərdə tutulan 6-8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Prezident İlham Əliyev çıxışında bildirib ki, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Coğrafi və iqlim şəraiti bu sahədə böyük imkanlar yaradır. İl ərzində günəşli günlərin çoxluğu və külək enerjisi potensialının yüksək olması yaşıl enerji layihələrinin inkişafını sürətləndirən əsas amillərdən biridir. Avropa ilə əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Nəqliyyat və logistika layihələri də həmin əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni tranzit imkanlarının formalaşmasına şərait yaradır. Bu marşrut qlobal ticarət əlaqələrinin şaxələndirilməsində və regionun logistika mərkəzinə çevrilməsində mühüm rol oynayır.

Tranzit əlaqələrinin genişlənməsi yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regional sabitliyi və qarşılıqlı etimadı möhkəmləndirən amillərdən biri kimi dəyərləndirilir. Birgə bəyanatda regional təhlükəsizlik və sülh məsələləri də mühüm yer tutur. Regionda sülh mühitinin formalaşması yeni əməkdaşlıq imkanları yaradır. Ermənistanla paraflanmış sülh sazişindən sonra regionda yeni reallıq yaranıb və bu proses artıq iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradır. Ticarət əlaqələrinin bərpası, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatı kimi addımlar sülhə real töhfə verən praktik addımlar kimi səciyyələndirilir. Siyasi iradə və sülhə sadiqlik regionun gələcəyi üçün əsas şərt olaraq göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir: “Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir”.

Avropa ilə münasibətlərin gündəliyi çoxşaxəlidir. Enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, ticarət əlaqələri, nəqliyyat marşrutları və regional təhlükəsizlik məsələləri tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq modeli həm iqtisadi maraqlar, həm də qlobal enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı inkişaf prinsiplərinə əsaslanır. Qarşıdakı illərdə yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat infrastrukturlarının genişləndirilməsi və siyasi dialoqun davamlılığı həmin münasibətlərin daha da möhkəmlənəcəyini göstərir".

Избранный
28
2
unikal.az

10Источники