RU

Xain bolşeviklər niyə xalqın qəhrəmanları ilə eyni xiyabanda uyuyur? - FOTOLAR

Birinci Fəxri Xiyaban… Azərbaycan xalqının qədirbilən insanlarının, mədəniyyət, elm və dövlət xadimlərinin əbədiyyən uyuduğu, hörmət və ehtiramın simvolu olan müqəddəs bir məkan.

1948-ci ildə Fəxri Xiyaban yaradılarkən orada ilk dəfə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabski kimi şəxsiyyətlərin nəşi dəfn olunub. Elə həmin il noyabrın 23-də isə birbaşa çiyinlərdə gətirilərək Fəxri Xiyabanda torpağa tapşırılan Üzeyir bəy Hacıbəyli xalqın qəlbində əbədi yaşayacaq bir sima oldu.

Amma bu müqəddəs xiyabanla bağlı bir sual hələ də insanlarda qıcıq oyadır: Azərbaycan Xalq Cümhuriyyətini qana bulaşdıraraq devirmişlərin – xain bolşeviklərin – Fəxri Xiyabanda əbədi məskən salması nə qədər doğru və ədalətlidir? Halbuki onlar müstəqil dövlətimizin ilk addımlarını tapdaladılar, xalqımızın arzularını ayaq altına aldılar. Bəziləri 1937-ci ilin repressiyasından canını qurtara bilmədi, digərləri isə “qırmızı kölgə” altında uzun ömür sürərək tariximizi ləkələdi.

İndi isə həmin xainlər, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmət göstərmiş insanların məzarları ilə yanaşı Fəxri Xiyabanda “yatırlar”. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 106-cı ili tamam olur. Məhz 106 il əvvəl ölkəmizin üz qarası kimi tarixə düşən və Birinci Fəxri Xiyabanda dəfn olunan bu bolşeviklər kimlərdir?

Xiyabanda məzarları üzərində “Müsavat cəlladları tərəfindən güllələnmiş” və ya “Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübarizə aparıb” yazılmış bolşevikləri təqdim edirik:

Mirbəşir Fəttah oğlu Qasımov: 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olub. O, 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. Tərtər rayonunun adı bir müddət onun adını daşıyıb. Onun həyat yoldaşı Emilya Qasımovanın da məzarı xiyabandadır.

Mirfəttah Musəvi: İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək "Hümmət" təşkilatına qoşulur. AXC parlamentində "Hümmət" fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. Sonradan Xalq Cümhuriyyətinə xəyanət edən, daha doğrusu, bolşevik kəşfiyyatçılarının ələ aldığı Musəvini “Denikinçi” bir şəxs öldürür. Daha da dəqiqləşdirsək, Denikinçi Seyidbəyov 1919-cu ilin sentyabrın 5-də Musəvi və Aşumovu (Haşım Əliyevi) pusub... tapança ilə onları öldürmüşdü.

Haşım Əliyev: “1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülüb” , -deyə məzarında yazılıb. Gənc yaşlarından inqilabi fəaliyyə başlayıb, 1915-ci ildə bolşeviklər partiyasına daxil olub. O da denikinçi Hacıbəy Seyidbəyov tərəfindən güllələnib.

inqilabçı.jpg

Digər məzar isə daha “məşhur” bolşevikin – Əli Bayramovundur. Onun da məzarının üzərinə yazılıb ki, “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülüb”. 1918-ci il 15 sentyabr tarixində Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi iş aparıb. 1919-cu ilin əvvəllərində Bakıya qayıdıb, mayda Cümhuriyyət Hökumətinə qarşı fəhlə tətillərinin keçirilməsində fəal iştirak edib. Paris sülh konfransında (1919-20) Ali Şuranın Azərbaycanın istiqlaliyyətini tanımasını Əli Bayramov Azərbaycan xalqına və bütün Şərqin müsəlman xalqlarına qarşı "böyük xəyanət" adlandırmışdı. "Paris cəlladlarının Zaqafqaziyada siyasəti" adlı məqaləsində o Antanta dövlərinin bu addımını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndiriridi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirməyə, dövlət çevirilişi etməyə çağıran bəyannaməni Əli Bayramov da imzalamışdı.

Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri kimi Əli Bayramov 1920-ci il martın 20-də həbs olunub, əldə əsaslı dəlil-sübut olmadığından martın 22-də azad edilib, martın 23-ə keçən gecə isə qətlə yetirilib. Onun cəsədi aprelin 3-də tapılıb və aprelin 7-də dəfn olunub. Əli Bayramovun şəxsi ədavət zəmnində qoçular tərəfindən qətlə yetirilməsi tarixçəsi də məlumdur. Bununla belə, hakimiyyət çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini ittiham etmişdi. İndiki Şırvan şəhəri uzun illər onun adını daşıyıb, Bakı şəhərində isə adına küçə olub.

Qasım İsmayıl oğlu İsmayılov: Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı olub. Onun məzarı üzərində yazılıb: “Əksinqilabçıarın əli ilə vəhşicəsinə öldürülmüş . Sovet hakimiyyəti qurulması uğurunda qorxmaz mübariz”. 1990-cı ilə qədər Goranboy rayonu bu xainin adını daşıyıb. Hətta onun adı Şəmkirə kəndə verilib, yalnız 2018-ci ildə həmin kənd Ağlavaşlı adlandırılıb.

inqilabçı

Xalq Cümhuriyyəti ideologiyasına və milli azadlıq məfkürəsinə divan tutanlardan biri də Bəhram Ağayevdir. Xiyabanda yerləşən qəbrinin üzərində 1904-cü ildən kommunist partiyasına “xidmət etdiyi” qeyd olunur.

Azərbaycanı müstəqil görmək istəməyən, ölkəni rus işğalından azad etməyə cəhd göstərənlərə qarşı amansız mübarizə aparan bolşeviklərdən biri də Yusif Qasımov olub. Onun məzarı üzərində yazılıb: “Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz”. O, 1957-ci il noyabrın 15-də Bakıda vəfat edib.

İosif Alekssandrov və İvan Qandyurin də sovet hakimiyyətinin fəal mübarizlərindən olublar. İroniyaya bax ki, bu bolşeviklərin məzarı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan İbrahim Məhərrəm oğlu Əbilovun məzarı yaxınlığındadır.

Xiyabanda dəfn edilən Maştağalı Məmməd Məmmədyarov da sovet hakimiyyətinin Azərbaycanda quurlmasında əməllicə “əziyyət çəkib”. O, 1875-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1903-cü il ümumi iyul tətilinin təşkilatçısı, 1906-cı ildən Neft Sənaye Fəhlələri İttifaqı idarə heyətinin üzvü, 1917-ci ildən Bakı Sovetinin üzvü olub. 1917-ci ilin sonunda S. Martikyan, M. Plşakov, A. Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. Məmmədyarov haqqında məlumat tapmaq indi bir az çətin olsa da 1958-ci ildə nəşr olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-ci səhifəsində onun Mart hadisələrindəki rolu haqqında məlumat almaq olur: "Mart vuruşları günlərində M. Məmmədyarov, A.Mikoyan … və başqa bolşeviklər sovet hakimiyyətini müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla vuruşmalarda A. Mikoyanın və M. Məmmədyarovun qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr "dikaya diviziyanın" Nikolayevski küçəsində (indiki İstiqlaliyyət küçəsi) "İsmailiyyə" binasında yerləşən qərərgahina, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər". Bakıda əhaliyə qarşı qırğının dövründə Azərbaycan milli qüvvələrinin "İsmailiyyə" binasında yerləşən qərargahına hücum edən dəstələrdən birinə M. Məmmədyarovun rəhbərlik etdiyi qeyd olunur.

Bəs bu cür cəlladların, canilərin məzarları Birinci Fəxri Xiyabanda bu millətin fədailəri ilə yanaşı durmalıdırmı? 26 Bakı komissarının sümüklərinin şəhərdən kənara aparıldığı kimi, onları da buradan təmizləmək olmazmı? Niyə bu xalq qarşısında illərlə xidməti olan şəxslər, Cümhuriyyət caniləri ilə eyni xiyabanda uyumalıdır ki?

üsyançı

üsyan

üsyan

üsyan

üsyan

üsyanüsyan

üsyan

Şahanə Rəhimli

Musavat.com 

Избранный
51
musavat.com

1Источники