Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Sən bir soyuq ulduz, mən gözləri nəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan…"
Bu misralar Seyran Səxavətin insan ruhunun incəliklə dolu dünyasını əks etdirir. Şair sevgilisinə olan bağlılığını “soyuq ulduz” və “gözləri nəm” təsviri ilə göstərir, həm uzaqlığı, həm də içdən gələn həsrəti vurğulayır. Şair deyir ki, nə olursa olsun mənim üçün həmişə varsan... “Sıxma ürəyimi” deyimi ürəyinin həssaslığını göstərir, sevginin incəliklə qorunmalı olduğunu xatırladır, “ürək cəhənnəm” ifadəsi isə şairin sevdiyinə özündən daha çox dəyər verdiyini simvollaşdırır. Ümumiyyətlə, Seyran Səxavət gözəlliyi və sevgini həyatın xilas yolu hesab edir. Dostoyevskinin “İdiot” romanından gətirdiyi “Dünyanı gözəllik xilas edəcək” sitatı da bunu təsdiqləyir. Amma yazıçı hesab edir ki, dünyanı yalnız sevgi xilas edə bilər.
Bu gün Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında yazıçı-publisist Seyran Səxavətin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə yazıçının qələm dostları, oxucuları, media nümayəndələri və yaxın dostları iştirak edərək, onun haqqında ürək sözlərini dilə gətiriblər.
Seyran Səxavət, sözün əsl mənasında dürüst adamdır. Daxili dünyası ilə siması bir yerdədir və olduğu kimi görünə bilir. Yazıçı özü deyir: “Bu gördüyünüz mənim “cismimdir”, ruhum isə 40-43 yaşındadır”. Yazıçı bütün yazarları, oxucuları və kitabsevərlərin “sözün belindən gəldiyini” deyərək, bu baxımdan hamını qohum-əqraba sayır.
Tədbirdə onun sevənləri, dəstəklədiyi insanlar iştirak edirdilər. Hər kəs onun şeirlərindən və hekayələrindən danışır, yaratdığı obrazlarla bağlı suallar verirdi. 80 yaşlı yazıçı böyük həvəslə və bir az da mizahla sualları cavablandırır, oxucularla ünsiyyəti canlı saxlayırdı.
Oxucularından biri deyirdi ki, Seyran Səxavətin “Fira” obrazından sonra sevgiyə inanıb və xoşbəxt olub, bir başqası isə “Abdullah kişinin kartof əkib-əkmədiyini” soruşurdu.
Yazıçıya həmçinin bir zamanlar hamımızın xatirə dəftərlərində yer alan “İlk məhəbbətim” şeirini də xatırladanlar oldu. Zamanın necə keçdiyi hiss olunmurdu. Fərqli suallar, fərqli cavablarla tədbir davam edirdi.
Sözün əsl mənasında biz Seyran Səxavətin yaradıcılığının, onun şeirlərinin kölgəsində böyümüşük, onu oxuyaraq, ondan öyrənərək püxtələşmişik. Və həqiqətən onunla eyni dövrdə yaşadığımız üçün xoşbəxt də sayıla bilərik.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.