RU

Bayramqabağı bahalaşma nə ilə bağlıdır?

ain.az, 525.az saytına istinadən bildirir.

Hər il bayram günləri ərəfəsində bazarlarda və supermarketlərdə satılan bəzi məhsulların qiymətində artım müşahidə olunur. Xüsusilə də bayram süfrəsini bəzəyən çərəzlər, şirniyyat, meyvə-tərəvəz, daha çox istifadə olunan məhsullar bahalaşır.

Ekspertlər deyir ki, bayram günlərində ərzaq məhsullarının qiymət artımı həm mövsümi amillərlə, həm də bəzi hallarda süni qiymət artımı ilə bağlıdır.

İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, istənilən bayram ərəfəsində müəyyən məhsulların qiymətində bahalaşma olur. Bu, ticarət dünyasının irəli sürdüyü fəndlərdən biridir. Xüsusən də bayram süfrəsində daha çox istifadə olunan ərzaq və ya qeyri-ərzaq məhsullarında bahalaşma müşahidə oluna bilər. Bu proseslərə artıq təəccüblənmir, təbii hal kimi qəbul edirik: "Bayram ərəfəsində hər zaman bahalaşma müşahidə edəcəyik. Dünya bazarında da bahalaşma gedir. İnflyasiya öz təsirini göstərir. Bahalaşma təkcə bizdə yox, digər ölkələrdə də müşahidə olunur. Bayram ərəfəsində istifadə olunacaq məhsulların qiymətində artım müşahidə olunur. Çünki sahibkarlar başa düşürlər ki, hər bir ailəyə həmin məhsul lazımdır. Bundan istifadə edirlər. Bu nöqteyi-nəzərdən ticarət fəndini irəli sürürlər. Alıcılar diqqətli olmalıdırlar. Bazarı təhlil etsək, yolumuzu artırsaq, ucuz məhsullar tapa bilərik. Bazarda qiymət diapazonu genişdir".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ənənəvi olaraq hər il Novruz bayramı ərəfəsində qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur: "Novruz öncəsi yeni qiymət artımı dalğası müşahidə olunur. Bayram süfrəsində geniş istifadə olunan ədviyyatlar, çərəzlər, subtropik meyvələrin qiyməti ikiqat bahalaşır. Bəzi işbazlar bayramdan istifadə edərək bazarda daimi olaraq qiymətləri artırmağa çalışırlar. Əslində, bayram ərəfəsində hər bir sahibkar çalışmalıdır ki, bazarda bolluq olsun və məhsullar da insanlar üçün əlçatan olsun ki. Qiymətlərin səviyyəsi və artımın davametmə müddəti bazarın mövcud vəziyyətindən, yerli istehsalın həcmi və idxal imkanlarından, eləcə də dövlət tənzimləmələrindən birbaşa asılıdır".

Ekspert vurğulayıb ki, rəqabətli mühit olan yerdə süni qiymət artımı olmamalıdır. Əgər süni qiymət anlayışı varsa, bu, topdansatış ticarətinə aiddir. Pərakəndə ticarətdə mümkün deyil. Pərakəndə ticarət obyektləri bir-biri ilə sözləşib qiymət qaldıra bilməzlər. Əgər topdansatış və ölkəyə mal gətirən barmaqla sayılacaq iri şirkətlərdə belə hallar varsa, bununla bağlı hökmət müvafiq tədbirlər görməlidir.

S.QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
525.az

1Источники