RU

Tranzit ölkə statusu xarici dil bilən mütəxəssislərə tələbatı artıracaqmı? AÇIQLAMA

"Azərbaycanın regionda mühüm tranzit mərkəzinə çevrilməsi təkcə iqtisadi və logistik imkanların artması demək deyil, eyni zamanda yeni nəsil peşəkar kadrların hazırlanması məsələsini də aktuallaşdırır. Bu sahədə rəqabətqabiliyyətli mütəxəssislərin yetişməsi üçün təhsil sistemində bir neçə istiqamətdə ciddi yanaşma dəyişikliyi vacibdir".

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az- a bildirib. Onun sözlərinə görə, ilk növbədə, ali və peşə təhsili müəssisələrində logistika, nəqliyyat menecmenti, beynəlxalq ticarət və təchizat zəncirinin idarə olunması kimi ixtisasların məzmunu müasir reallıqlara uyğun şəkildə yenilənməlidir. Çünki tranzit ölkə olmaq yalnız infrastruktur məsələsi deyil, həm də bu infrastrukturu effektiv idarə edə bilən insan resurslarının mövcudluğu ilə bağlıdır. Bu baxımdan proqramlarda daha çox praktik biliklərə, real sektorla əməkdaşlığa və beynəlxalq təcrübəyə əsaslanan yanaşma gücləndirilməlidir:

"Digər vacib məqam universitetlərlə sənaye və logistika şirkətləri arasında əməkdaşlığın genişləndirilməsidir. Tələbələrin yalnız nəzəri biliklərlə deyil, real iş mühitində təcrübə qazanaraq yetişməsi onların əmək bazarında daha çevik və hazırlıqlı olmasına imkan verir. Bu sahədə dual təhsil modelləri, istehsalat təcrübələrinin genişləndirilməsi və şirkətlərlə birgə təlim proqramlarının təşkili çox önəmlidir. Eyni zamanda, xarici dillərin, xüsusilə də beynəlxalq biznes və logistika sahəsində istifadə olunan dillərin öyrədilməsi daha güclü şəkildə təşviq olunmalıdır. Çünki tranzit və logistika sektoru mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq üzərində qurulan bir sahədir və bu sahədə çalışan mütəxəssislərin qlobal mühitdə rahat işləmək bacarığı olmalıdır".

Ekspert bilidirib ki, digər tərəfdən, rəqəmsal bacarıqların formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Müasir logistika və nəqliyyat sistemləri artıq böyük ölçüdə rəqəmsal texnologiyalar, məlumat analitikası və avtomatlaşdırılmış idarəetmə sistemləri üzərində qurulur. Buna görə də tələbələrdə analitik düşüncə, texnoloji savadlılıq və innovativ yanaşma kimi bacarıqların inkişafı təhsil proqramlarının əsas komponentlərindən birinə çevrilməlidir:

"Ümumilikdə hesab edirəm ki, Azərbaycanın tranzit mərkəzinə çevrilməsi təhsil sistemi üçün də yeni bir çağırış və eyni zamanda böyük bir fürsətdir. Əgər biz bu sahədə insan kapitalının inkişafına sistemli şəkildə yanaşa bilsək, gələcəkdə təkcə tranzit imkanları ilə deyil, həm də yüksək ixtisaslı kadr potensialı ilə regionda fərqlənən bir ölkə modelini formalaşdıra bilərik".

 

Pərvanə Fərhadqızı

Избранный
94
qht.az

1Источники